• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 02.05.2017 15:44

Suvarma suyuna olan tələbatı ödəmək üçün görülən tədbirlər davam etdirilir

KepezTV Player

Quru iqlimə malik olan və suvarma suyuna tələbatı böyük olan ərazilərdə genişmiqyaslı meliorativ tədbirlərin aparılması kənd təsərrüfatının inkişafına öz töhfəsini verir. Bu məqsədlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşasına ötən ildən başlanılan Şəmkir maşın kanalının bir hissəsində işlər tam yekunlaşdırılıb.

Mənbəyini Kür çayından və Şəmkir dəryaçasından götürən kanalın 1-ci mərhələsi Goranboy və Samux ərazisindən keçir. Tikintisi yeni yekunlaşdırılan kanalda bir neçə gündür ki, aparılan test sınaq işləri uğurla başa çatıb. Bölgənin kənd təsərrüfatının inkişaf etdirilməsi üçün nəzərdə tutulan suvarma qurğusu hər iki rayon ərazisində 8 min hektardan artıq əkin sahəsinin suvarılmasına imkan verəcək ki, bu sahələrin də 980 hektarı yeni suvarılan ərazilərdir. Hazırda kanalın suyundan istifadə edilməklə fasiləsiz taxıl və digər kənd təsərrüfatı bitkilərinin suvarılması aparılır.

Nəsib Mustafayev- Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikintiyə Nəzarət Qrupunun rəhbəri: “Kanal trapes şəkilli, monalit dəmir betondan inşa edilib. Kanalın uzunluğu 8 min 500 metrdir, su sərfiyyatı 39 metr kub saniyədir. Kanalın üzərindəki bütün hidrotexniki qurğular, o cümlədən torpaq yolla kəsişən avtomobil yolları və piyada keçidləri, magistral qaz xətləri və dəmir yolu ilə kəsişən hissələr tikilərək başa çatdırılıb”.

Eni 6, dərinliyi 4 metr olan kanal üzərində layihəyə uyğun olaraq 2 avtomobil körpüsü, sel ötürücü və səviyyə qaldıran qurğular da inşa olunub. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinini sifarişi əsasında Şəmkir maşın kanalının davamı olaraq yeni kanalın Goranboy rayonu ərazisində tikintisinin 2-ci mərhələsi də davam etdirilir.

Xaliq Qurbanlı