• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 02.05.2017 11:59

Bu gün Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürəcək

Mayın 7-dək davam edəcək yarışda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız da iştirak edəcək. Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə bağlı komandalarımız bu dəfəki qitə birinciliyində əsasən ehtiyat qüvvə ilə təmsil olunacaq.

Sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında Avropa çempionatına 8 çəkidə eyni sayda güləşçi yollanıb. Serbiyada Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək. 

Qadın güləşçilərin yarışında 7 çəki dərəcəsində 7 idmançımız qitə yarışında döşək üzərinə çıxacaq. Baş məşqçi Semyon Çterev Avropa çempionatında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovaya (69 kq) şans verəcək.

Yunan-Roma güləşi üzrə komandamız da sərbəst güləşçilərimiz kimi 8 çəkidə eyni sayda pəhləvanla qitə yarışına qatılacaq. Məşqçilər korpusu Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzərianiyə (130 kq) güvənəcək. 
Proqrama əsasən, ilk 5 yarış günündə sərbəst və qadın güləşçilər mübarizə aparacaq. Mayın 6-sı və 7-də isə yunan-Roma güləşçilər arasında qaliblər müəyyənləşəcək. 


Orxan Cəfərzadə