• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 17.04.2017 10:31

Asiya regionu ölkələri iqtisadiyyatlarında ciddi dönüş etməlidir, əks halda...

KepezTV Player

Asiya İnkişaf Bankı yeni hesabatını dərc edib. Sənədə əsasən Asiya regionu ölkələri cari il və ondan sonrakı 2 il ərzində iqtisadiyyatlarında ciddi dönüş etməlidir. Məhsuldarlığın artırılması zəruridir.

Asiya İnkişaf Bankı Asiya və Sakit okean regionu üzrə ümumi daxili məhsulun 2016-cı ildə qeydə alınan 5.8% göstəricidən 2017 və 2018-ci illər ərzində 5.7%-ə qədər azalacağını proqnozlaşdırır. Bank həmçinin 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1,1% azalacağını qeyd edir. Bu barədə bankın saytında dərc edilmiş “Asian Development Outlook 2017” icmalında deyilir. Ötən ilin icmalında AİB 2017-ci il üçün Azərbaycanda ÜDM artımını 1% səviyyəsində proqnozlaşdırmışdı. Bankın proqnozlarına əsasən 2018-ci ildə respublikada ÜDM 1,2% artacaq, 2017-ci ildə inflyasiya 9% (əvvəlki proqnoz – 5,2%), 2018-ci ildə 8% təşkil edəcək. Azərbaycan hökuməti isə 2017-ci il üçün ÜDM artımını 1%, orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır. “Asian Development Outlook 2017” hesabatında həmçinin qeyd olunub ki, daha yaxşı innovasiya, təhsil və infrastruktur üzrə məhsuldarlığın inkişafı ilə bağlı islahatlar inkişaf etməkdə olan ölkələrə yüksək gəlirli ölkələr statusunun əldə edilməsinə yardım edə bilər. "Yüksək gəlir əldə etmək üçün siyasətçilər öz yanaşmalarını dəyişməli olacaqlar. İnkişafın qorunub saxlanması üçün resurslardan daha çox istifadə artıq müzakirə mövzusu deyil, son maneəni aradan qaldırmaq üçün iqtisadiyyatlar daha məhsuldar olmalıdırlar", deyə hesabatda qeyd edilir.

Mütəxəssislər bildirir ki, iqtisadiyyatların daha məhsuldar olması üçün və iqtisadi artıma təsir edən iki əsas amil var. Bu həmin ölkədə resursların və texnologiyanın olmasıdır. Azərbaycanda isə kifayət qədər maddi resurslar mövcuddur. Amma...

Elçin Salahov- iqtisad üzrə fəlsəfə doktoru: "İqtisadi artıma mane olan problemlərdən biri müasir texnologiyanın tətbiqində Azərbaycanın digər ölkələrdən geri qalmasıdır. Texnologiya hər hansı bir məhsulun istehsal üsulu və ya vasitəsidir. İnnovasiya texnologiyanın tətbiqidir. Hər bir innovasiyanın yayılması üçün onun bir meyarı var. Həmin innovativ texnologiyadan istifadə nəticəsində hər bir sahibkar mənfəət əldə etməlidir. Azərbaycanda müasir texnologiya bazarı yoxdur. Həmin bazarın formalaşması ilk növbədə zərurətdir".

Bazarda o məhsul alınıb satılır ki, ona tələb var və ondan fayda götürmək olar. Bu iqtisadiyyatın əsas prinsipidir. Yəni texnologiya bazarı tələb olduğu şəraitdə yarana və inkişaf edə bilər. Bunun üçün iş adamı maraqlı olmalıdır.

Elçin Salahov- iqtisad üzrə fəlsəfə doktoru: "Müasir texnologiya niyə belə çox geniş yayılmayıb. ən müasir istixananın qiyməti 1 mln dollardır. Aydın məsələdir ki, bu günkü gündə belə bir məbləğə malik olan fermer tapmaq bir qədər çətindir. müasir texnologiyabın tətbiqini sürətləndirmək istəyiriksə burada ancaq dövlətin dəstəyi olmalıdır. bu dünya təcrübəsində olduğu kimi güzəştli və uzun müddətli investisiya kreditləri yolu ilə ola bilər. Həmin ölkələrdə bu kreditlərin müddəti 5-40 il arasında dəyişir".

Ən müasir yox 5-10 il bundan öncə istifadə olunan texnologiyaların tətbiqi də inkişafda mühüm rol oynaya bilər. Bu sadəcə sahibkarın qabiliyyət, bacarıq və işgüzarlığından asılıdır.

Başqa bir nüans texnologiyanın yaratdığı əlavə dəyər hazır məhsulun yaratdığı əlavə dəyərdən qat-qat çoxdur. Hazır məhsulda əlavə dəyər əldə etmək üçün uzun illər ərzində məhsul istehsal etmək lazımdır. Ona görə yeniliyin tətbiqi üçün aparılan tədqiqat işlərinin də miqyası genişləndirilməlidir.

 

Jalə Qurbanova