Gəncədə olan bütün 9 mərtəbəli binaların qarşısındakı qanunsuz artırmalar söküləcək, binaların fasad hissələri rənglənəcak, dam örtükləri yenilənəcək. Şəhərdə bu istiqamətdə görülən işlərin bir hissəsinin tez bir zamanda başa çatdırılması planlaşdırılır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bir qrup vətəndaşı qəbul edərkən deyib. 60 nəfərə yaxın şəhər sakinini narahat edən məsələlərin əksəriyyəti isə demək olar ki, həllini tapıb. Əlilliyi olan şəxslərin müalicəsi, bir nəfərə açıq ürək əməliyyatının həyata keçirilməsinə maddi yardımın edilməsi, torpaq sahəsi ilə, eləcə də illərdir evi olmayan ailəyə iki otaqlı mənzilin verilməsi, işə düzəldilmə, Sadıllı qəsəbəsinə işləyən marşrutun hərəkət xəttinin uzadılması, təmir-tikinti işlərinin aparılması, qaz, su ilə bağlı müraciətlər səsləndirilib.
Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Şəhərimizdə Sovet zamanı inşa olunmuş 9 mərtəbəli binalar var. Ancaq onların bu gün doğrudan da fasadları, dam örtüyü çox bərbad vəziyyətdədir. Biz onların siyahısını çıxarmışıq və onlar qısa bir zamanda- 3 ay müddətinə əsaslı sürətdə təmir olunacaq. Fasadları yeniləcək, rənglənəcək və həyətlərində nümunəvi həyətlər yaradılacaq. İdman meydançaları, vətəndaşların istirahətləri üçün yerlər hazırlanacaq”.
- Baxış: 1621