• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 12.04.2017 17:27

Telman Əliyev iki beynəlxalq turnirdə yarışacaq

KepezTV Player

Sabah Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayacaq. Paytaxtdakı yarışda Gəncə idmançıları da çıxış edəcək.

2 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirməsi olan Telman Əliyev yunan-Roma üsulu ilə güləşənlərin mübarizəsində 50 kq-da xalça üzərinə çıxacaq. Gəncəli güləşçinin turnirdəki rəqibləri Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarusu təmsil edən idmançılar olacaq. Yığma komandanın üzvü olan yeniyetmə pəhləvan mükafatçı mövqedə yer almağı qarşısına əsas məqsəd qoyub.

Telman Əliyev- güləşçi: “Bu yarışa səylə hazırlaşmışam. İnanıram ki, qalib olmaqla mükafatçılar sırasına düşərəm. Bilirəm ki, Bakıya çox güclü rəqiblərim gələcək. Belarus, Rusiya, İran və Gürcüstan kimi ölkələrin idmançıları ilə üz-üzə gələcəm. Bütün rəqiblərimi analiz etmişəm. Qismət olar qalib olaram və doğma şəhərimə medalla qayıdaram”.
 

Telman Əliyev Federasiya Kubokundan başqa aprel ayında daha bir beynəlxalq turnirdə qüvvəsini sınayacaq. O, yığma komanda ilə birlikdə İrana səfər edəcək.

Telman Əliyev- güləşçi: “Federasiya kubokundan çox qısa bir müddət sonra məni İranda beynəlxalq turnir gözləyir. Çox az vaxtım olacaq. Ona görə də məşqlərimi Bakıda davam edib, birbaşa İrana gedəcəm. Bu mənim İrana ilk səfərim deyil. Keçən il orada ikinci yerə çıxmışdım. İnanıram ki, İranda da çempion olaram”.

Güləşçinin məşqçisi Asif Süleymanov da yetirməsindən hər iki yarışda yüksək nailiyyət gözləyir.

Asif Süleymanov- məşqçi: “Telman bu yarışlara çox ciddi hazırlaşıb. Onun bu turnirlərdə iştirakının çox böyük əhəmiyyəti var. Çünki hər iki yarış seçim xarakteri daşıyır. Telmandan qalibiyyət gözləyirik. O, ölkəmizin bayrağını yüksəyə qaldırmaq üçün birinci yerə çıxmalıdı. İrandakı yarışda da onun yüksək nəticə əldə edə biləcəyinə inanırıq”.

Telman Əliyevin qatılacağı yarışlar qarşıdakı Avropa birinciliyinə bir növ seçim xarakterlidi. Güləşçi özünü yaxşı tərəfdən göstərə bilsə, qitə yarışına vəsiqə qazanacaq.

Orxan Cəfərzadə