• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3176
— 07.04.2017 12:47

3 qəza hadisəsində 2 nəfər öldü, 1 nəfərsə yaralandı

KepezTV Player

Yol qəzaları yenə də can aldı. İki piyada həyatından oldu. Onlardan biri qadın, digəri kişidir. Qadın sərnişinin də bəxti gətirmədi. Taksiyə əyləşib, istədiyi mənzilə yox, xəstəxanaya yollanmalı oldu. 

Şirvanda piyadavurma hadisəsi baş verib. Qəza şəhərin Gülbala Şıxbalaoğlu küçəsində qeydə alınıb. 43 yaşlı Natiq Həsənovun idarə etdiyi “QAZ-24” markalı avtomobil Şirvan sakini, 75 yaşlı Xanımgül Hüseynovanı yolu keçərkən vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. 

Salyanda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 58-ci kilometrliyində, rayonun avtovağzal ərazisindən keçən hissəsində qeydə alınıb. Salyan sakini, 30 yaşlı Əliağa Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Göyçay sakini 65 yaşlı Zabil Əlizadəni vurub. Piyada aldığı xəsarətdən yerindəcə keçinib.

Paytaxtın Nəsimi rayonunda, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində qəza qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan Əlövsət Təhməzovun idarə etdiyi “Daewoo” markalı avtomobil işıqforun qırmızı işığında hərəkəti davam etdirib və nəticədə Rafiq Rzayevə məxsus “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin təsirində “Daewoo” əks yola çıxıb, “Hyundai” isə yoldakı maneəyə dəyərək dayanıb. Sürücülər xəsarət almasa da, taksidə olan qadın sərnişin yaralanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Polis hadisə yerinə baxış keçirib, avtomobillər cərimə meydançasına aparılıb. Faktlar araşdırılır.

Zülfiyyə Telmanqızı