• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 04.04.2017 16:23

Gəncədə aprel şəhidi, kapitan İnqilab Quliyevə həsr olunan sənədli filmin təqdimatı keçirilib

KepezTV Player

ASAN Könüllüləri Təşkilatı, Gəncə “ASAN xidmət” Mərkəzi və “ARB Kəpəz” telekanalının birgə əməkdaşlığı ilə ərsəyə gələn ekran işi “4 Aprel" adlanır. 

Hər şey hazırdır... Budur işıqlar sönür və böyük monitorda “4 Aprel” yazısı görünür. Film 2016-cı ilin aprel ayında Ermənistan-Azerbaycan qoşunlarının təmas xəttində baş verən müharibə zamanı şəhid düşən kapitan İnqilab Quliyevə həsr olunub. Elə nümayişin ən əziz qonaqları da şəhidin ailə üzvləridir.

Çingiz Quliyev- şəhidin atası: “Çəkiliş heyəti hamısı cavan uşaqlardı. Onlar çəkiliş etməyə başlayanda, bu səviyyədə olacağını gözləmirdim. Şəhid onsuz da uca bir zirvədədir. Bu cür filmlər isə o şəhidi unudulmağa, yaddan çıxmağa qoymur. Bu bir örnəkdir. Mən heç kimə demərəm getsin şəhid olsun. Amma hərbidə şəhidlik də var. Şəhidlərsə heç vaxt unudulmur”.

Şəhid zabitin həyatı, igidliyi və şücaətindən bəhs edən filmin xronometrajı 66 dəqiqədir. Şəhidin ailə üzvlərinin, yaxın qohumlarının, müəllimlərinin və sinif yoldaşlarının müsahibələrinin yer aldığı ekran işinin çəkilişləri Gəncə şəhəri və Beyləqan rayonunda aparılıb. Layihənin rəhbəri, hazırda hərbi xidmətdə olan Elnur Şabanzadədir. Ssenari müəllifi Gülnar Fazilqızı, redaktəsi Zülfiyyə Telmanqızına məxsusdur. Filmin montaj rejissoru Rəhim Hətəmov, quruluşçu operatorları Pərvin Məmmədov, Fərrux Qafarov və Elçin Rəhimoğludur. Yaradıcı heyətdə eyni zamanda qrafist-dizayner Səxavət Abdıyev və müxbir Fidan Muradlı da yer alıb. Sənədli filmi Ceyhun Əli səsləndirib.

Zülfiyyə Telmanqızı- filmin redaktoru: “Vətən borcunu yerinə yetirən bir vətən oğlunun şücaətinin qarşısında kiçik bir işimizlə baş əyməyə çalışdıq. Məncə bunun öhdəsindən gəlməyi bacardıq.bunu zalda ardı-arası kəsilməyən alqışlar da sübuta yetirdi. Var olsun, Azərbaycan əsgəri”.

Filmin lentə alınmasında məqsəd sadəcə kapitan İnqilab Quliyevin xatirəsinin əbədiləşdirilməsi deyildi, bu həm də Azərbaycan torpaqları uğrunda şəhid düşən igid oğulların ruhuna bir ithaf idi.

Gülnar Fazilqızı- ssenari müəllifi: “Azərbaycan ordusunda inqilab kimi, əsgərlər, İnqilab kimi igidlər çoxdur. Belə igidlərimiz olduqca əminəm ki, torpaqlarımız tez bir zamanda işğaldan azad olunacaq”.

Ekran əsərinin ərsəyə gəlməsində “ASAN Könüllüləri” Təşkilatının Gəncə bölməsi üzvlərinin də rolunu qeyd etmək vacibdir.

Vaqif Əjdərli- Gəncə "ASAN Xidmət" Mərkəzinin könüllülər üzrə məsul şəxsi: ““ASAN Könüllüləri” Təşkilatı yarandığı gündən bu günə qədər sosial, mədəni, təhsil sahələrində olan müxtəlif tədbirlərlə çıxış edirdi.Bu ideyanın yaranmasını, həyata keçirilməsini “ASAN Könüllüləri” Təşkilatı özünə borc bildi. 100-dən çox “Asan” könüllüsü bu layihənin çəkilişlərində iştirak etdi”.

Çəkilişləri fasilələrlə 5, montaj və qrafika işi isə 2 ay davam edən film 7 aya ərsəyə gəlib. Film bundan əvvəl Bakıda, Nizami Kino Mərkəzində təqdim olunub. Ekran əsərinin Gəncədə təqdimatının məhz 4 aprel tarixinə təsadüf etməsi isə yəqin ki, elə İnqilab Quliyevin alın yazısının bir hissəsidir... Onun apreldə doğulub, elə apreldə də şəhidlik zirvəsinə yüksəlməsi kimi...

ARB Kəpəz-in "ASAN Xidmət"lə birgə işi olan “4 aprel” filmi bu gün saat 20.55-də "ARB"-nin efirində nümayiş olunacaq. 

Gülnar Fazilqızı