Qubada ana doğumdan sonra həyatını itirib. Sağlam uşaq dünyaya gətirən ana ona vurulan iynəyə əks reaksiya verib. Ailə hadisədə həkimləri günahlandırsa da, tibb işçiləri onların heç bir səhvi olmadığını deyir.
Xaçmaz rayon Müzəffəroba kənd sakini Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Quba Regional Perinatal Mərkəzdə ananın damarına doğumdan sonra riopoliqulikin adlı preparat vurulub. Xəstə bundan şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, Sevinc Seyidəliyevanı həyatını xilas etmək mümükün olmayıb.
Oqtay Xankişiyev -qohum: “Səhər saat 7 radələrində zəng ediblər ki, yoldaşınızın vəziyyəti pisdir. Gediblər. Deyiblər ki, rəhmətə gedib. Deyirik ki, nədən olub? Deyir sistem düşməyib, səhv vurublar rəhmətə gedib. Həkimə mən o sualı verdim ki, bu necə olub? Axı sən həkimsən. Bilməyə-bilməyə necə vurursan iynəni. Dedi ki, o 100 nəfərdən birində olur”.
Xanlar Əsgərov -qohum: “Ailə qurandan sonra bunların bir qız uşağı dünyaya gəlib. O qız uşağı da dünyaya gələndə keysəriyyə yolu ilə götürülüb. Aradan bir 5 il keçib. İndi də bu ayın 31-də 2-ci dəfə bu uşaq dünyaya gəlib. Səhəri gün bu gəlin həyatını itirib”.
Sevinc Seyidəliyevanın 4 yaşında bir övladı var. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova doğum zamanı həkim səhvinin olmadığını deyir. Onun sözlərinə görə, bütün prosedur qaydalara əməl edilib.
Şəhla Həsənova -Quba Regional Perinatal Mərkəzin direktoru: “Mayelərdən biri 3 saat sonra 18:05-də biz qoşanda ilk damcıdan bu qadın kəskin reaksiya vermişdi bu dərmana. Anafilaktik şok keçirmişdi. Reanimotoloq və anastezioloqlarımız xəstəni bu vəziyyətdən çıxarmaq üçün əlindən gələni etdilər. Amma reaksiya çox kəskin olub. Buna görə müvəffəq olmayıblar”.
Dünyaya gələn körpənin vəziyyəti yaxşıdır. Faktla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 796