• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 29.03.2017 10:31

Daşınmaz əmlaka görə aldığınız etibarnamənin etibarsız olduğunu istəmirsizsə diqqətli olun!

KepezTV Player

Azərbaycanda əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması qaydası dəyişib.“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a əsasən əvvəl etibarnamə bir şəxsə, həmin şəxs də heç bir maneəsiz digər şəxsə verə bilərdi. Ancaq indiki dəyişikliklərə əsasən vətəndaş əgər etibar edilmişi başqa şəxsə etibar edirsə belə olan halda o bu zərurəti əsaslandırmaq məcburiyyətindədir. Yəni zərurət olmasa onu verə bilməz. Bu dəyişikliyin məqsədi nədir?

Ramiz Abdullayev- hüquqşünas: "Daşınmaz əmlakın etibarnamə ilə alqı-satqısını həyata keçirirlər. Daşınmaz əmlakla bağlı əqdlər bağlayırlar. Hansı ki, sonradan məhkəmələr tərəfindən mübahisələndirilir. Bunların qarşısını almaq məqsədilə, dəyişiklikdə əsas məqam odur ki, etibar olunan şəxs etibarnaməni ona verilmiş səlahiyyətləri başqa şəxsə verirdisə bunun etibar edənin mənafeyinin müdafiəsi naminə edildiyini və zərurət yarandığından başqa şəxsə etibarnamə verməli olduğunu əsaslandırmalıdır".

Burada şəxs işi ilə bağlı ölkədən kənara getdiyini, xəstəliyi ilə bağlı etibarnamə üzrə ona verilən səlahiyyətləri yerinə yetirə bilmədiyini qeyd etməlidir. Ancaq həmin hərəkətlərin etibar edənin xeyrinə edilməsi zəruridir. Bununla yanaşı üçüncü şəxsə verilən səlahiyyətlər etibarnamə verilən ilkin şəxsə verilən səlahiyyətlərdən artıq ola bilməz.

Ramiz Abdullayev- hüquqşünas: "Bir də əsas odur ki, etibarnamədə verilən səlahiyyətlər konkret olaraq daşınmaz əmlaka dair hansı səlahiyyətin həyata keçirilməsi aydın və konkret göstərilməlidir. İnsanlar da buna diqqət etməlidir ki, konkret daşınmaz əmlak üzrə hər hansı səlahiyyət verirsə çıxarışın alınması ilə bağlı, hansısa məlumatı götürməyi, hansısa ərizənin verilməsi ilə bağlı bu göstərilməlidi. Buna notariat kontorları da diqqət etməlidi. Bir də artıq etibarnamələrin sürətinin təsdiqi üçün rüsum alınmayacaq".

Yeni qaydaya əsasən müəyyən əməliyyatların aparılması üçün etibarnamə verilən şəxs müraciət edirsə onun ərizəsi notariat qaydasında təsdiq olunmalıdır. Bununla yanaşı, etibarnamə verilən şəxs həmin etibarnaməni başqa şəxsə ötürürdüsə belə olan halda həmin etibarnamənin müddəti ilkin verilənin müddətindən artıq ola bilməz.

Jalə Qurbanova