Kəlbəcərdən olan məcburi köçkünlər şəraitsizlikdən şikayətçidir. Məskunlaşdıqları binanın qəzalı olması, bu üzdən təbii qazdan istifadə edə bilməmələri, mənzil şəraitinin yaratdığı çətinliklər həyat tərzinə təsirsiz ötüşmür.
Fazilə Kazımova- məcburi köçkün: “Bir otaqdan həm mətbəx, həm vanna otağı, həm yataq, həm də ayaq yolu kimi istifadə edirik. 6-7 hətta 10 nəfər bir otaqda necə yaşayaq”.
Göygöl rayonu 2 saylı məktəbin balansında olan internatın binasına sığınanların başlıca problemi mənzil-məişətlə bağlıdır.
Zərəngiz Abbasova- məcburi köçkün: “Bir göz otaqda ata, ana, oğul, gəlin, nəvə yatırıq. Hamamlanmağımız da onun içərisindədir. Çox pis vəziyyətdə yaşayırıq. Dəfələrlə də şikayət etmişik, baxan yoxdur”.
Nailə Qurbanova- məcburi köçkün: “6-7 nəfər ailə üzvümüz var. Bir otaqda yaşayırıq. Çox çətinliyimiz var. Sizdən xahiş edirik, bizə ev versinlər”.
96 ailənin məskunlaşdığı binanın qəzalı olması qazla təminata imkan vermir ki, bu da qayğıları bir qədər də artırır.
Səliqə Əkbərova- məcburi köçkün: “Qaz yox, ev yox, çox pis vəziyyətdə yaşayırıq. Məktəbin binasında qalmışıq”.
Məcburi köçkünlərin problemləri ilə bağlı əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətindən münasibət öyrəndik və “Bu günədək 3500 Kəlbəcərli məcburi köçkün ailəsi yeni salınan qəsəbələrə köçürülüb. Sözügedən 96 ailə də dövlət proqramı çərçivəsində gələcəkdə salınacaq qəsəbələrə köçürüləcək” cavabını aldıq. Oxşar cavab Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də gəldi. Rəsmi sorğumuza cavab olaraq əlavə edək ki, binaya qazın çəkilməsi təhlükəsizlik baxımından məqbul sayılmır.
Natiq Hüseyn
- Baxış: 757