• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 28.03.2017 10:12

Vüqar Bayramov: "Manatın məzənnəsindəki stabillik milli valyutaya olan inamın artırılmasından keçir"

KepezTV Player

Vüqar Bayramov: "Manatın məzənnəsindəki stabillik milli valyutaya olan inamın artırılmasından keçir"

Beynəlxalq Reytinq Agentliyi “Moody’s” MDB ölkələrində valyuta riskləri və dollarlaşma ilə bağlı hesabat hazırlayıb. Sənədə əsasən Ukrayna, Azərbaycan, Tacikistan və Belarus bankları daha çox xarici valyuta risklərinə məruz qalıb. “Moody’s” hesab edir ki, Azərbaycan manatının taleyi neft qiymətlərindən asılıdır. 

Bu 3 ölkənin üzən valyuta rejiminə keçdiyini nəzərə alaraq demək olar ki, onların valyuta perspektivləri sabit neft qiymətlərindən çox asılı olacaq. “Moody’s” belə hesab edir. Azərbaycan manatı isə xarici valyutaya yüksək tələbatın və ölkə iqtisadiyyatının stabilliyinə aşağı etimadın olması fonunda daha da zəifləyir. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, qeyd edilən bu məsələ ilə razılaşmaq lazımdır. Çünki bu gün rəsmi statistika göstərir ki, manata olan inam azalmaqdadır. Xüsusilə də həm depozitlər, həm də banklardan kənar yığımlarda xarici valyutanın çəkisi yüksək olaraq qalmaqdadır.

Vüqar Bayramov- iqtisadçı-ekspert: "Bu gün Mərkəzi bankın rəsmi məlumatına görə depozitlərin valyuta strukturunda 82% xarici valyutadır. Nəzərə alsaq ki, 2014-cü ildə bu rəqəm manatın xeyrinə idi və bütün depozitlərin 62%-i milli valyuta idi. Cəmi 38%-i xarici valyutada saxlanılırdı. Göründüyü kimi fərqli bir struktur formalaşıb. Bu da milli valyutaya olan inamın azalması ilə bağlıdır. Bu da nəticə etibarıyla xarici valyutada yığımları artırıb. Ona görə manata olan inamın artırılması ilə bağlı ciddi addımlar atılmalıdır. Manatın mzənnəsindəki stabillik milli valyutaya olan inamın artırılmasından keçir".

Milli valyutanın sabitliyi əslində iqtisadiyyatda stabilliyin formalaşması baxımından vacibdir. Çünki bu imkan verəcək ki, investisiya qoyuluşları həyata keçirilsin. 

Vüqar Bayramov- iqtisadçı-ekspert: "“Moody’s” regionu öyrənən beynəlxalq təşkilat olduğundan qeyd edilən problemlərin aradan qaldırılması ilə bağlı addımların atılması daha məqsədəuyğundur. O, dünyada ən çox qəbul edilən hesabatlardan biri kimi qiymətləndirilir. Ona görə düşünürəm ki, hesabatda qeyd edilən məqam Azərbaycan iqtisadiyyatı üçün olduqca vacib bir məqamdır. Sözsüz hökümət üçün indiki məqamda əsas prioritet manata olan inamın artırılması yolu ilə maliyyə və uzunmüddətli iqtisadi sabitliyə nail olmaqdan ibarət olmalıdır. Xarici valyutalara tələbin ödənilməsi eyni zamanda xaricə valyuta axının qarşısının alınması çox vacibdir". 

Valyuta bazarındakı tələb ödənilərsə mərhələli şəkildə manata olan inam bərpa olunacaq. Ancaq bu orta və uzunmüddətli dövr üçün realdır. Qısa müddət ərzində buna nail olmaq mümkün deyil. Strateji yol xəritəsində də 2020-ci il üçün milli valyutaya olan inamın bərpası hədəflənib. 

Jalə Qurbanova