• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 28.03.2017 11:59

Gəncəbasarda gündəlik işlənən dialekt sözlər lüğət halına salınacaq

KepezTV Player

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.  Bu səbəbdən də dili qorumaq, onun bütün qatlarını, inkişaf mərhələlərini öyrənərək, yaşatmaq xalqın borcudur. Qədim köklərə malik Azərbaycan dili olduqca zəngin alt qata malikdir. Bu özünü dialekt sözlərin istifadəsində daha qabarıq şəkildə göstərir. Dialekt sözlər ədəbi dilin lüğət tərkibinə daxil olmasalar da, məişət söhbətləri zamanı onlardan istifadə adi haldır və onların öyrənilməsinin əhəmiyyəti heç də az deyil. Bunlar nəzərə alınaraq Gəncədə dialektik lüğət hazırlanır. 

Las-las, ağbajı, çəkələk, nəxənək, şellənmək, yavalaşmaq, eşik, hüt-hüt, tana... Bir çoxuna qəribə gələn bu sözlər Gəncəbasarda gündəlik işlənən ifadələr sırasındadır. Bəli, onlar Qərb bölgəsinə xas dialekt kəlmələrdən bir neçəsidir. Hazırda AMEA Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun əməkdaşları belə sözlərin toplanması ilə məşğuldular. İnstitutun şöbə müdiri Ruziyyə Quliyeva deyir ki, dilin bir alt, bir də görünən qatı var. Azərbaycan dilinin alt qatı görünən tərəfindən daha zəngindir və bu zənginlik özünü folklor materiallarında daha qabarıq şəkildə göstərir. Bu sözlərin toplanması isə həm dil, həm də ümumi tariximizin öyrənilməsində mühüm rola malikdir. 

 Ruziyyə Quliyeva- AMEA Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri: “Biz yer adlarımızın, milli mənəviyyatımızı əks etdirən, milli varlığımızı əks etdirən milli xəzinəmizdə olan hər nə varsa da, onların bizə məxsus olduğunu sübut etmək üçün ilk növbədə dil faktlarına əl atmalıyıq. Deməli, dialekt və şivələrimiz həm ruhumuzun aynasıdır, həm dilimizin aynasıdır, həm unudulmuş və unudulmaqda olan milli sərvətimizdir”. 

Bu günə kimi AMEA Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutu tərəfindən 4000-ə yaxın dialekt söz toplanıb. İlkin mərhələdə əsasən folklor materiallarına müraciət edən əməkdaşlar, ikinci mərhələdə Qərb bölgəsinin şəhər və rayonlarını gəzərək, ordakı yaşlı nəslin nümayəndələri ilə söhbətlər aparmaq və həmin sözləri elə yerində öyrənmək niyyətindədirlər. Bu araşdırmanı vacib edən digər amillərə gəldikdə isə...

Ruziyyə Quliyeva- AMEA Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri: “Son zamanlar elmin müxtəlif sahələrinə aid terminoloji lüğətlər hazırlanır. Bu terminoloji lüğətlər də doludur əcnəbi sözlərlə. Olmazmı ki, biz bunları öz sözlərimizlə əvəz edək? Yəqin ki, olar. Bunlar dildə var. Yaşayır. Biz götürüb o sözləri həmin lüğətə salsaq dilə daha yatımlı olar. Öz sözlərimizdi, türk mənşəlidir, xalq arasında işlənir”. 

Bölgəyə xas dialekt sözlərin toplanması yekunlaşdıqdan sonra, onlar sistemləşdiriləcək və dialektoloji lüğət halında çap olunacaqlar. Akademiyanın Gəncə bölməsi bu işi Dilçilik İnstitutu ilə birgə reallaşdırır. 

 

Gülnar Fazilqızı