• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 27.03.2017 10:48

İsraili tanıyaq

KepezTV Player

Ölkə

Ən gənc ölkələrdən biri olan İsrail 1948-ci ildə müstəqilliyini elan edib. Əhalisi 8 milyondan çoxdur. Bu məmləkətdə insanların əksəriyyəti başqa ölkələrdən gələn yəhudilərdir. 18-26 yaşlı bütün yəhudilər İsraildə 10 günlük tətil etmək hüququna sahibdirlər. Ölkə ərazisi az olduğundan yəhudilərdən başqa digər ölkə vətəndaşlarına İsraildə torpaq almaq hüququ verilmir. İsrailin şərqindən qərbinə qaçmaq üçün cəmi 2 saat yetərlidir.

Dil

İsrailin iki rəsmi dili var: İvrit və ərəb dili. İvrit ölkədə ən geniş yayılmış dildir. İkincisi isə ölkədəki ərəb azlıqlar tərəfindən istifadə olunur. İngilis rəsmi dil olmasa da, İsraildə bir çox yazılarda istifadə edilir. Məktəblərdə də ingilis dili tədris olunur. İsraildə ingiliscə efir verən media qurumları mövcuddur.

Hərbi xidmət

İsraildə kişilər 3, qadınlar isə 2 il vətənə xidmət edirlər. Onlar üçün bu, sanki iş mahiyyəti daşıyır. Əsgərlərə aylıq maaş verilir, xidmətlərini evləri qədər rahat yerlərdə keçirlər. Ölkə müharibə şəraitində olsa da, hərbi cəhətdən çox güclüdür. İsrail ordusu 24 saat ərzində ehtiyat hissələri səfərbərliyə almağa qadirdir. Ölkə Azərbaycanla hərbi əməkdaşlıq edir.

Yaşayış

Əhalinin böyük əksəriyyəti çoxmərtəbəli binalarda yaşayır. Həyət evlərinin qiyməti isə çox bahadır. Mənzillərə yalnız soyuq su gəlir. Hər bir evin damında günəş sistemi ilə işləyən isidicilər quraşdırılıb. Onlar bu yolla həm təbiəti qoruyur, həm də evlərini qızdırırlar. Son illərdə qəbul olunan standartlara görə, çoxmərtəbəli binalarda xüsusilə təhlükəsizlik çıxışları tikilməlidir. Bu, baş verəcək raket hücumları zamanı insanların daha az zərər görməsi üçündür.

Təhsil

Təhsil sistemi güclü inkişaf edən ölkədə hər yüz nəfərdən səksəni ali təhsillidir. İsrail universitetlərində təhsil alan gənclər ABŞ və Avropada rahatlıqla iş tapa bilirlər. İsraillilər hələ məktəb illərindən siyasətlə maraqlanırlar. Ölkədə iqtidar və ya müxalif yönlü olmağa qəribə baxırlar, vahid siyasətin tərəfdarıdırlar.

Minlərlə məktub

Müasir cəmiyyətdə din ikinci plandadır. Hazırda İsraildə yaşayan gənclərin çoxu dinlərinə bağlı olsalar da, onun qanunlarına elə də önəm vermirlər. Dinin önəmli olduğunu düşünənlərin çoxu ortodoks yəhudiləridir. Siz ortodoks yəhudilərini nə hərbidə, nə də işdə görə bilərsiniz. Onlar günlərinin çoxunu ibadətlə keçirirlər. Qüdsdə divar boyunca dua oxuyan qara geyimli, bakenbordlu yəhudilərə sıx rast gəlinir. Bir başqa maraqlı məqam isə odur ki, hər il  Qüdsə dünyanın dörd bir tərəfindən Allaha ünvanlanan məktublar gəlir və bu məktubların çox az qismi yəhudilər tərəfindən yazılır.

Qüds sindromu

Bu sindrom hələ də psixoloqlar arasında ciddi müzakirə mövzusudur. 30-cu illərdə Heinz Herman tərəfindən araşdırılan bu sindrom təsdiqini tapmadığı üçün unudulmuşdu. 2000-ci ildə isə Qüdsə gələn bir qrup insanın gün ərzində müxtəlif fərqli hərəkətlər etmələri psixoloqları yenidən bu xəstəliyi araşdırmağa vadar etdi. Onların fikrincə, şəhərdə dini ab-hava yüksək olduğundan zəif insanlar psixoloji cəhətdən təsir altına düşə bilirlər. Onlarda baş gicəllənməsi, təmizlik xəstəliyi, hətta dayanmadan ibadət etmək istəyi baş qaldırır. Bu sindromun həqiqiliyi hələ də təsdiqini tapmayıb.

Turistlər

Ölkənin ərazisi kiçik olsa da, turistllərin gəzintisi üçün yerlər çoxdur. Ölkəyə üz tutanlar əsasən Ölü dənizin sahilində dincəlmək üçün gəlirlər. Duzluluğunun çoxluğu ilə məşhurluq qazanan dəniz təkcə turistlərin deyil, məşhur kosmetika şirkətlərinin də üstünlük verdiyi yerdir. Ölü dənizin suyundan hazırlanan kremlərin qiyməti kifayət qədər yüksəkdir.

Adətlər

Dünyanın ən qədim xalqlarından olan yəhudilərin tarix boyu yaşadığı faciələr çoxlarına məlumdur. İsraillilər adətlərinə sadiq olsalar da, onların bəzilərini dəyişməyi də bacarıblar. Bir-birlərinə dayaq olan xalqın maraqlı toy adətləri var. Yəhudilərdə toy iki hissəli olur. Şənliyin birinci hissəsi din xadiminin duaları ilə, ikinci hissəsi isə bəyin gəlinə dua oxuyub, şüşə sındırması ilə tamamlanır.

Mətbəx
Yəhudilərin milli xörəkləri qədim dövrlərdə yaranıb və özünə digər xalqların kulinariya elementlərini cəlb edib. Bu mətbəxin özəlliyi ondan ibərətdir ki, onlar bəzi məhsulları bir yerdə istifadə etmirlər. Məsələn, ət və südü eyni zamanda heç bir xörəkdə bişirmək olmaz. Yəhudilər hər bayramda ayrı-ayrı xörəklər bişirirlər. Əsas bayram Pesax adlanır. Bayramda «madamel» və «matsa» - yəhudi kökəsi hazırlanır. Yəhudilər də müsəlmanlar kimi donuz ətindən imtina ediblər.