• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 18.03.2017 15:01

"Kəpəz"in futbolçularına sürpriz bayram şənliyi təşkil edilib

 “Kəpəz”in məşqindən sonra klub rəhbərliyi Novruz öncəsi ayaqüstü tədbir keçirərək bayram münasibəti ilə komanda üzvlərini təbrik edib. Kollektiv adından təbrikləri çatdıran klubun icraçı direktoru Cabir İbrahimov xoş arzuları dilə gətirib. O, “Kəpəz”in azarkeşlərini qələbələr, uğurlu nəticələrlə sevindirməsini istəyib. Tədbirə xüsusi rəng qatan Novruzun simvolları Keçəl və Kosa da deyilən təbriklərə qoşulub. Martın 17-də doğum gününü qeyd edən “Kəpəz”in fanklublarla iş üzrə əlaqələndiricisi Elmar Əliyevin şərəfinə tort kəsilib. Klubun baş məşqçisi Şahin Diniyev “azarkeş üçün ən böyük hədiyyə komandasının qələbəsi olar” deyərək Əliyevi təbrik edib. Daha sonra klubun rənglərində boyanan sarı və göy yumurtalar döyüşdürülüb, ocaq çatılıb. Məşqçilər heyəti və futbolçular tonqalın üstündən tullanıblar. Novruz şənliyi Gəncə klubunda çıxış edən legionerlərin marağına səbəb olub.

Cabir İbrahimov - “Kəpəz”in icraçı direktoru: "Bizim legioner oyunçularımız var. Onlar bu gün milli bayramımızın, adət-ənənələrimizin şahidinə çevrildilər. Yəqin ki, komanda yoldaşları onlara bu bayramın mahiyyəti barədə məlumat verərlər. Düzdür, əcnəbi futbolçular ölkəmizdə yaşadıqları üçün adət-ənənələrimizə bələddirlər. Amma bu gün əyani şəkildə gördülər ki, biz bayramımızı necə qeyd edirik".

Bayram şənliyinə azarkeşlər də qatılıb. Onlar sevimli oyunçuları ilə birlikdə Novruzu qeyd ediblər.

 

Azad Rəfi