Sibirin ucqar yerində konsert zamanı dahi cazmenə azərbaycanlı dinləyicisi belə səslənmişdi. Azərbaycanda caz deyildikdə ilk ağla gələn şəxsiyyət Vaqif Mustafazadədir. Onun ifalarında fərqli dad, qeyri-adi bir çalar var idi. Görkəmli bəstəkarın barmaqları pianinonun dillərinə toxunduqda dinləyicilər musiqinin sehrinə düşürdülər. “Bakı gecələri” , “Düşüncə”, “Tənhalıq”, ‘Xatirələr”... Bu ifalarda Qərblə Şərqin harmoniyası açıq hiss olunur. Cazmenin yetişməsində yaşadığı ölkə, musiqiyə olan marağı və təbii ki, dahi Üzeyir Hacıbəylinin tələbəsi, musiqi müəlliməsi olan anası Zivər xanımın rolu böyük idi. O, uşaq vaxtından istedadı ilə seçilirdi. Gələcəkdə dünyaca məşhur birinə çevriləcəyi çoxlarına məlum idi.
Vaqif Mustafazadə gəlişi ilə Azərbaycan musiqisinə səs- səda gətirmişdi. Uzun saç-saqqallı, qeyri-adi geyimli bu oğlan o zamanın SSRİ senzurasının heç də xoşuna gəlmirdi. Ona görə də bir çox sahələrdə Vaqifi sıxışdırmağa çalışırdılar. Bəlkə də bu səbəbdən dahi cazmen həyatının baharında - hələ 29 yaşı olarkən infarkt keçirmişdi. Ürəyi ilə bağlı sıxıntılar yaşasa da, cazdan ayrıla bilmirdi. Yaxınlarının dediklərinə görə, gecənin bir vaxtı oyanıb pianinonun arxasına keçər, yeni notları qələmə alardı. Bəstələrinə də o an yaşadığı hisslərə əsasən adlar verərdi.
Cazmen "Qafqaz" caz üçlüyünə, "Orero", "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Fortepiano və simfonik orkestr üçün konsertin, tamamlanmamış "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi, muğamın klassik Amerikan cazı ilə sintezinin müəllifidir. Onun yeni devizi Caz-Muğam adlanır.
Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol səfəri zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub. 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Mustafazadə soyadını bütün dünyaya tanıdan, dövrünün ən qabaqcıl caz ifaçısı çox az yaşadı. Ömür payı heç yarım əsrə çatmadı. Erkən yaşda həyata vida edən Vaqif Mustafazadənin yolunu qızları mahir pianoçu, Parisdə Qrand Operada çalışan Lalə Mustafazadə və tanınmış caz ifaçısı Əzizə Mustafazadə davam etdirir.
Vəfa Şairova
- Baxış: 859