Göygöldə də şəkər çuğundurunun əkini aparılır. Təcrübədən sonra bu il ilk dəfə olaraq rayonda bitkinin kütləvi əkininə maraq böyükdür. Fermerlər 550 ha sahədən bol məhsul götürərək gəlir əldə etməyi düşünür.
Bu il Göygöl rayonunda ilk dəfə olaraq şəkər çuğundurunu əkmək üçün 80 fermerlə müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə görə, həmin fermerlər texnika, eləcə də toxumla təmin olunur.
Fuad İlyaszadə- fermer: “Şəkər çuğundurunun əkini işsizliyin sayının azalması, kənddə işsiz əhalinin işlə təmin olunmasına xeyli kömək edir. İstər əkin zamanı, istərsə də yığım zamanı xeyli işçi olur. 15 ha şəkər çuğunduru əkmişəm”.
Şəkər çuğundurunun toxumu daha çox məhsuldar olan Almaniya və Belçikadan gətirilib. Hər hektara texnika ilə 100 min ədədə yaxın toxum basdırılır. Suvarılmasına isə may-iyun ayından başlanılacaq və proses məhsul yığımına kimi davam edəcək.
Adil Kərimzadə- Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi: “İcra hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin, İmişli Şəkər Zavodu və Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri ilə birgə rayonda şəkər çuğunduru əkiləcək sahələrə baxış keçirdik. Müəyyən etdik ki, rayonda əsasən də suvarılan ərazilərdə şəkər çuğundurunun əkilməsi mümkündür”.
Martın əvvəlindən səpininə başlanılan şəkər çuğunduru istisevən bitki olduğundan rayonun iqlimi uyğun olan 5 kəndində əkilir. 550 ha-ın 160-da səpin yekunlaşıb.
Alik Abbasov- İmişli Şəkər Zavodunun aparıcı aqronomu: “Şirkət hər hektar sahə üçün mülkiyyətçiyə 961 manat dəyərində texnika, gübrə, toxum verir. Əhali də məhsulu təhvil verdikdən sonra nə qədər xərcləmişdisə o pul çıxılır, yerdə qalan pul kart formasında əhalinin özünə çatdırılır. Əgər hər hektar sahədən 50 ton məhsul götürərsə həmin mülkiyyətçi hektara 2 min manata yaxın qazancı olur”.
Bunu nəzərə alan rayon fermerləri yaxşı məhsul götürüb gəlir əldə edəcəkləri halda çuğunduraltı sahələri genişləndirməyi düşünür. Sentyabrda başlayacaq məhsul yığımı təsərrüfatçıların planlarının gerçəkləşməsi baxımından əhəmiyyətli olacaq.
Elnur Vahidoğlu
- Baxış: 1277