İnsanların illərlə qazandığını bir anda haram yolla əldə edib, asanca varlanmaq xülyasına düşdülər. Planlar qurub, məkri reala çevirib, evlərə qənim kəsildilər. Nəhayət, yollarını kəsən tapıldı, polis cinayətkar dəstənin kefinə soğan doğradı.
Abşeron polisi oğurluqla məşğul olmaqda şübhəli bilinən 4 nəfərdən ibarət dəstəni zərərsizləşdirib. 24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abuşov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovu Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayıblar. Dəstə üzvləri Abşeron rayonun Mehdiabad, Fatmayi, Goradil kəndləri ərazilərində 15-dən çox evdən qızıl-zinət əşyaları və televizorları oğurladıqlarını etiraf ediblər. Bunun üçün təklif Namiq Abuşovdan gəlib. O, bütün oğurluqlarda iştirak edib. Və evlərə özü daxil olub.Oğurluq malların satışı ilə İki ay əvvəl ata olan Ramil Abdullayev məşğul olub. Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 682