• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 07.03.2017 10:02

İstehsalçılar birgə fəaliyyətə niyə maraq göstərmir?

KepezTV Player

"Kənd təsərrüfatı kooperasiyası" haqqında qanun qəbul olunsa da, istehsalçılar birgə fəaliyyətə maraq göstərmir. Belə ki, əgər 2000-ci ildə 250 istehsal kooperativi mövcud idisə hazırda bu rəqəm 3 dəfə azdır. Bunun əsas səbəbi maariflənmə işinin zəif təşkilidir. Həmçinin aidiyyəti qurumlar kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyətinə ciddi nəzarət edə bilmirlər.

2016-cı ildə "Kənd təsərrüfatı kooperasiyası" haqqında yeni qanun qəbul olunsa da fəaliyyəti nəzərə çarpmır. Kənd təsərrüfatı istehsalı yaxud istehlak kooperativlərinin inkişafı ilə əlaqədar dövlət proqramının qəbul edilməsi, bu sahədə dövlət dəstəyinin olması, xüsusilə kredit zəmanət fondunun yaradılması, investisiya qoyuluşu sahəsində güzəştli şərtlərlə kreditin verilməsi, kənd təsərrüfatı istehsalçılarına, yəni kooperativlərə lazım olan təchizat mərhələsində avadanlıqların alınmasının lizinq yol ilə həyata keçirilməsi, sığorta işinin təşkilində güzəştlərin verilməsi sisteminin stimullaşdırılması mütləqdir.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru, MM-in eksperti: "Mən deməzdim qanun işləmir. O sahədə bir sıra hazırlıq işləri görülür. Amma onun işləməsi üçün qanunda olan müddəaların davam etdirilməsi lazımdır. Yəni bu qanunun qəbul edilməsi ilə iş bitmir. Ali qanunverici orqanın işinin davamı olaraq icra orqanları da bu işi həyata keçirməlidir. Bu günkü günü 2000-ci illə müqayisə etsək, o vaxt 250 istehsal kooperativi vardısa bu gün (2016-cı ilin sonu) 50 civarındadır. İstehsal kooperativi kommersiya hüquqi şəxsdir. Onun fəaliyyətində də marağı odur ki, maliyyə nəticəsi mənfəət əldə etsin".

2016-cı ilin yekunlarına görə, kənd təsərrüfatı məhsullarının ixracından daxil olan valyutamız 426 mln manat olub. Bu rəqəmi dəfələrlə artırmaq potensialımız mövcuddur. Bir şərtlə ki, iri təsərrüfat yaradaraq və orada səmərəli işin təşkilinə nail ola bilsək bu sahədə olan mövcud problemlər tam olmasa da qismən aradan qalxmış olar.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru, MM-in eksperti: "Bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarının 70%-nin mülkiyyətində olan torpaq sahəsi 3ha-a qədərdir. 17%-nin 3-5ha arasıdır. Biz dedik iri təsərrüfat olmalıdır. 50 ha və onda çox olanlar isə cəmi 0.4%-dir. Mən əleyhinə deyiləm kiçik təsərrüfatların olmasının. Çünki onlar birləşib iri istehsal kooperativi yaradır”. 

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair" Strateji Yol xəritəsində də Kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı ayrıca prioritet kimi qeyd olunub. Nəzərdə tutulub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanaraq həyata keçirilsin. Bu Dövlət Proqramı kənd təsərrüfatı kooperasiyasının inkişafı baxımından mövcud qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq stimullaşdırma mexanizmlərinin hazırlanması və tətbiqi, habelə bu sahədə ictimai məlumatlandırma tədbirlərinin həyata keçirilməsi məsələlərini əhatə edəcək. Həmçinin 2025-ci ilə qədər ölkədə kooperativlər və müqavilə fermerliyi sistemi yaradılacaq. Fermerlər biznes assosiasiyalarında, eləcə də sektor islahatlarının həyata keçirilməsində fəal rol oynayacaqdır.

Bu istiqamətdə həyata keçiriləcək tədbirlər aşağıdakılardır.

  • Kənd təsərrüfatı sahəsində kooperasiyanın inkişaf etdirilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi;

  • Kənd təsərrüfatı sahəsində kooperasiyanın inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlərin müəyyən olunması və tətbiqi imkanlarının araşdırılması

  • Kənd təsərrüfatı sahəsində kooperasiyanın inkişaf etdirilməsi istiqamətində məlumatlandırma işlərinin aparılması və informasiya məsləhət xidmətlərinin göstərilməsi

 

Qeyd olunan tədbirlərin nəticəsi kimi kənd təsərrüfatı məhsulları istehsalçıları arasında təşkilatlanma və müxtəlif istiqamətlərdə əməkdaşlıq güclənəcək, iri təsərrüfatların yaradılması prosesi sürətlənəcək, kooperativlərin, assosiasiyaların, birliklərin yaradılması geniş vüsət alacaq, məhsul istehsalında bu tipli təsərrüfatların xüsusi çəkisi 30 faiz artacaqdır.

Əlavə: Həmçinin 2 ha sahədə məhsul bolluğu yaratmaq və daha yüksək nəticə olunmasını gözləmək sadəlövhlük olar. Elmi nailiyyətlərdən, mütəxəssis əməyindən istifadə olunmaqla, texnoloji proseslərin gözlənməsi yolu ilə iri təsərrüfatlar yaradılması mütləqdir.

Jalə Qurbanova