• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 28.02.2017 15:54

Gəncədə daha bir məktəb təmir edilərək müəllim və şagird kollektivinin istifadəsinə verildi

KepezTV Player

Cari tədris ilində Gəncədə təmir edilərək istifadəyə verilən məktəblərin sayı 3-ə çatıb. Bu dəfə 14 nömrəli məktəbin 1076 şagirdi üçün müasir tələblər səviyyəsində təhsil almaq imkanı yaradılıb. Məktəblilər kimi müəllimlər də təchizatlı binada tədrisdən nailiyyətlər gözləyir.

İradə Aslanova- müəllim: “Məktəbimiz çox gözəl təmir olunub, vəsaitlərlə təmin edilib. Bundan belə çox çalışacağıq ki, bunu doğruldaq və şagirdlərimizə yaxşı dərslər keçək, onların təhsilini daha da artıraq”.

Bunun üçün 54 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, 2 informatika otağı, 15 minlik nəşri olan kitabxana məktəb kollektivinin ixtiyarındadır. 42 ildir fəaliyyət göstərən tədris ocağı ilk dəfədir əsaslı təmir edilib.

Elnur Qasımov- 14 nömrəli tam orta məktəbin direktoru: “2-3 il bundan əvvələ kimi məktəbin vəziyyəti çox acınacaqlı idi. Çox çətin vəziyyətdə dərslər keçilirdi. Amma hazırda müasir tələblərə uyğun olaraq məktəb təmir olunub, istifadəyə verilib. Məktəbin istilik sistemi yenidən qurulub, akt zalı, idman zalı, hətta məktəb təhlükəsizlik kameralarına kimi təmin olunub. Yüksək sürətli internetlə təmin olunub ki, bu da şagirdlərin yüksək keyfiyyətli tədris almasında yüksək amillərdəndir”.

3 mərtəbəli və 2 korpusdan ibarət olan məktəbdə tədris şagirdlərin də ürəyincədir.

Şagird: “Mən bu gün müasir tələblərə cavab verən tam təmirli məktəbdə təhsil alıram. Belə təmirli məktəbdə bizim oxumamağa haqqımız yoxdu. Mən söz verirəm ki, bütün elmlərin sirlərinə dərindən yiyələnəcəyəm”.

Faxrəddin İsmayılov- şagird: “Mən fizika həvəskarıyam. Əvvəl bizdə otaqda heç bir şərait yox idi, laboratoriya yox idi. İndi isə laboratoriya otaqları var, fizika, kimya otaqlarında dərslər daha maraqlı olur”.

14 nömrəli məktəbin istifadəyə verilməsi ilə Gəncədə 46 tədris ocağından 35-i yenilənib. 

Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Bundan sonra 4 nömrəli internat məktəbinin, eyni zamanda 1 saylı şəhər orta məktəbin, 2 saylı peşə məktəbin, 1 saylı peşə liseyin açılışlarını hazırlayırıq. Bütün bunlar bizə əsas verir ki, deyək ki, son illərdə orta məktəbi bitirən şagirdlərin 60 faizə yaxını Gəncə şəhərindən ali məktəblərə qəbul olunub”.

Açılış tədbirində məktəbin təmirində əməyi olanlara fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Elnur Vahidoğlu