Bu günə xəbərlərin oxunma sayı: 1435
— 22.02.2017 10:16

Üçbulaq niyə su üzünə həsrət qalıb?

Bir vaxtlar Üçbulaq, sonradan Onbulaq, indi isə az qala quruyan bulaqdan xəbərimiz var. Gəncədə yerləşən sözügedən bulağın su üzünə niyə həsrət qaldığını aidiyyəti qurumlar şifahi cavablandırsalar da, su çərşənbəsi münasibətilə bulaq başına gələn sakinlər əliboş qayıtmayıblar.

Söhbət Gəncənin Gülüstan qəsəbəsində yerləşən Üçbulaqdan gedir. 3 il əvvəl əsaslı təmir edilərək bulaqların sayı 10-a çatdırılan məkandan. Dünənə qədər 35 km yolu qət edərək dağlardan süzülüb gələn şirin sudan indi əsər- əlamət olmayan bulaq. 
 

Nazim İsmayılov- sakin: “Neçə vaxtdır ki, Üçbulaq düzəlib. Nə qədər vəsait qoyulub bura. Elə ikicə ay işlədi, sonra yenə kəsildi. Son iki aydır ki, heç su üzü görmürük. Hər dəfə pulla alırıq. Ya elə buradan, ya da binaların arasından”.
 

Miraləm Zeynalov- su satan: “Donub hələ ki, dondur. Su idarəsindən, ordan- burdan gəldilər, baxdılar ki, su tamam donub. Dayanmışıq ki, gələn əliboş qayıtmasın, evinə su aparsın”.

Əli Vəliyev- sakin: “Balansına pul vurmaq lazımdır, heç kim də pul vurmur”.

Gəncə "Sukanal" Törəmə Səhmdar Cəmiyyətindən deyildi ki, bulaq smartkart, yəni ön ödəyicili su sayğacı vasitəsilə fəaliyyət göstərir. Həmin sayğaca ödənişi isə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti həyata keçirir. Nizami rayon İcra Hakimiyyətindən isə bulağın hava şəraiti səbəbindən susuz qaldığı, növbəti gündən bərpa ediləcəyi deyildi.

Bu gün bulağın bir hissəsi işə düşsə də, ikinci bir hissəsi işlək vəziyyətdə deyil, əvvəlki kimi qalır.
 

Vaqif Şəmilov –sakin: “İndiyə qədər yaxşı idi. Don olandan sonra qurumuşdu. Burada maşınlar dayanırdı. Suyu maşınlardan götürürdük. İndi açılıb. Daim gəlsə əla olar”.

Alim Bağırov-sakin: “Yaxşı işləmir. Bir də görürsən ki, ümumiyyətlə su olmur. Gəlirəm, yoxdursa, buradakı maşınlardan alıb gedirəm. Qabın birini 30 qəpiyə verir maşınlar”.

Su çərşənbəsi münasibətilə bulaq başına gələnlər əliboş qayıtmadılar.


Gülbəniz Qarayeva- sakin: “Su çərşənbəsidir, gəldik qablarımızı doldurduq. Hamını su çərşənbəsi münasibətilə təbrik edirəm, mübarək olsun, ruziləri bol, canları sağ olsun”.

Asim Əsədov –sakin: “Bayramdır, su çərşənbəsidir. Gəldik su dolduraq, aparaq ki, evdəkilər təzə su içsin, yeni arzulara qovuşsun. Bulağın suyu hərdən dayanır, amma indi gəlir”.
 

Vaqif Şəmilov- sakin: “Suyu bir-birimizin üstünə atırıq, su aydınlıqdır. Qar, buz, boran olsa da hamı sulaşır”.

Novruzun gəlişindən dörd həftə əvvəl bayram çərşənbələri qeyd olunur. Qədim ənənələrimizi özündə əks etdirən çərşənbələr Su, Od, Yel, Torpaq adlandırılır. Su çərşənbəsi isə suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir.
 

Ruziyyə Quliyeva- folklorşünas: “Bulaq başına getmək, suyun üzərindən atlanmaq lazımdır. Bu ilk çərşənbədə də icra olunur, son çərşənbədə də. Su gətirib evə səpmək lazımdır. Başlanğıcda su ilə bağlı belə bir ayinlər icra olunur. "Sona bülbüllər" mahnısını yadınıza salım - "Su atdım yara dəydi...". O oyunların izləri mahnıda yaşayır”.

Su aydınlıqdır...Amma bir məsələni də unutmayaq - israfçılığa yol verməyək, suyu işlətdikdən sonra kranı bağlayaq.

 

Xəyalə Mürsəl