• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 21.02.2017 11:02

Ölkədə 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37,6 mlrd. ABŞ dollar olub

Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb. 2016-cı ilin sonuna strateji valyuta ehtiyatları 37,6 mlrd. ABŞ dolları təşkil edib. Bu xarici dövlət borcunu 4,1 dəfə üstələmək deməkdir. Strateji valyuta ehtiyatlarının həcmi ötən ilin yekunu üzrə ÜDM-in həcminə bərabər olub.

Hər bir dövlətin strateji valyuta ehtiyatlarının həcmi onun əsas makroiqtisadi göstəricilərindən biridir. Ölkə iqtsiadiyyatının dayanıqlı inkişafı, makro iqtisadi sabitliyi beynəlxalq təşkilatlarda, xüsusilə maliyyə kredit təşkilatlarında reytinq baxımından üstünlüyü məhz strateji valyuta ehtiyatına əsasən müəyyən olunur. Ölkəmizdə strateji valyuta ehtiyatı xam neft, təbii qaz, neft məhsulları, alüminium və ondan hazırlanmış məmulatlar, meyvə tərəvəz məhsulları, plastik materiallar, pambıq ipliyi və yağları, qara metal və ondan hazırlanmış məmulatların ixracı hesabına formalaşır. Bu ehtiyat Dövlət Neft Fondunda və Mərkəzi Bankda saxlanılır. Statistikaya görə, strateji valyuta ehtiyatımızın həcmi 2014-cü ildə ən yüksək səviyyəyə çatıb - 51 milyard dollardan çox. Amma dünyada gedən proseslər fonunda, xüsusilə də dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi nəticəsində ölkəmizə valyuta daxil olması azalıb. Ölkəmizdən xaricə valyuta axını əsasən zəruri malların, xüsusilə maşın və mexanizmlərin, elektrik aparatları və avadanlıqlarının, qara metaldan hazırlanmış məmulatların, əczaçılıq sahəsi məhsullarının, odun və odun məmulatlarının alınmasına yönəlir. Ölkəyə gələn və ölkədən çıxan valyuta həcmi arasında belə kritik disbalans yarandığı üçün ölkənin strateji valyuta ehtiyatları azaldı.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru, MM-in eksperti: "2014-cü illə 2016-ci ili müqayisə etsək təxminən 26% azalma olmuşdur. Yəni 2016-cı ilin sonuna bizim ölkənin strateji valyuta ehtiyatları 37 mlrd ABŞ dollarından çoxdur. 14 milyard azalma var. Həmin vaxtda Mərkəzi bankda strateji valyuta ehtiyatı 14 milyard dollar olub. 2016-cı ilin axırına 4.3 mlrd dollar olub. Təxminən azalma mərkəzi bankda olan valyuta ehtiyatımızın hesabına baş vermişdir. Artıq 2016-cı ilin əvvəli ilə müqayisə etsək, aylar üzrə müqayisə etsək həm strateji valyuta ehtiyamız, həm də Mərkəzi Bankda olan valyuta ehtiyamız artıb".

Ötən 2 il ərzində ölkənin strateji valyuta ehtiyatlarının kəskin aşağı düşməsində neft gəlirlərinin azalması fonunda milli valyutanın məzənnəsinin qorunmasına  xərclənən vəsaitlər də az rol oynamır.

Məhərrəm Hüseynov- iqtisad elmləri doktoru, MM-in eksperti: "Bu günkü gündə strateji valyuta ehtiyatımızın az və ya çox olması hansı səviyyədədir? Dünyada belə bir indiqativ göstəricilər müəyyənləşdirilib. Strateji valyuta ehtiyatının ÜDM-ə nisbətidir. Əgər bu 40%-i keçirsə kritik göstəricidir. Dünyanın aparıcı ölkələrində bu göstərici çoxdan keçib".

Qonşu ölkələrlə müqayisədə Azərbaycanın stateji ehtiyatlarının həcmini normal qiymətləndirmək olar. Elə buna görə ölkəmiz istər xarici dövlətlərdən, istər xarici ölkələrin hüquqi şəxslərindən, istərsə də beynəlxalq maliyyə kredit təşkilatlarından aşağı faizlə, güzəştli şərtlərlə kredit ala bilir. Bu hal həmçinin ölkəmizin investisya cəlbediciliyini artırır, investisiyanın daxil olmasını stimullaşdırır.

Bununla yanaşı strateji valyutanın həcminin çox olması ölkə üçün müəyyən dividentlər gətirir. Elə Neft fondunda toplanan vəsaitin investisiya şəklində müəyyən aktivlərə yatırılması və onların effektiv idarə olunması əlavə yüz milyonlarla dollar vəsait qazanmağa imkan verir.

 

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi

 

İllər

Strateji valyuta ehtiyatları ($)

2012

45,3 mlrd

2013

49,4 mlrd  

2014

51,4 mlrd

2015

35,8 mlrd

2016

37,6 mlrd

Jalə Qurbanova