Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə böyük ixrac potensialı var. Ancaq ixracı stimullaşdırmaq üçün fermerlərin gəlirlərinin stabilləşməsi siyasəti aparılmalıdır. Bununla yanaşı Azərbaycan kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının həcminin artırılması çağırışını reallaşdırmaq üçün kənd təsərrüfatına, bundan daha çox isə bu sahə ilə bağlı istiqamətlərə investisiya qoyuluşunun həcmini artırmalıdır. Qeyd olunanlarla 2025-ci ilədək olan dövr üçün ənənəvi təsərrüfatçılıqdan rəqabətqabiliyyətli aqrobiznesi formalaşdırmaqla aqrar sahədən əldə olunacaq gəlirlərin artacağı proqnozlaşdırılır.
Kənd təsərrüfatının inkişafı xarici bazarla sıx əlaqədədir. Bu gün dünyada ən çox kənd təsərrüfatı məhsulları ixrac edən ölkə Amerikadır. Bu ölkə istehsal etdiyi məhsulun 76%-ni ixrac edir. Kanadada həmin rəqəm 60%, Avstraliyada isə təxminən 65%-dir. Bu gün bütün ölkələri 2 qrupa bölmək olar birinci hansı ki, ənənəvi olaraq aqrar məhsulları idxal edirlər. Bura ərəb ölkələri və Rusiya daxildir. orada iqlim və coğrafi mövqeyi bir çox kənd təsərrüfatı məhsullarının istehsalına imkan vermir. Onlar ərzaq məhsullarının 70%-ni idxal edirlər. İkinci ölkələr bu məhsulların ixracı ilə məşğuldurlar. BUnlar Şimali Amerika və Avropa ölkələridir. Avropa İttifaqında da ixracla bağlı maraqlı bir siyasət həyata keçirilir. Belə ki,
Elçin Salahov- iqtisad üzrə fəlsəfə doktoru: "Onlarda daxili bazar yüksək proteksionizm siyasəti vasitəsilə qorunur. İdxal olunan məhsullara gömrük rüsumları çox yüksək tətbiq olunur. Daxildə ərzaq məhsulları çox yüksəkdir. Ancaq artıq qalan məhsul ixrac olunanda böyük miqdarda ixrac subsidiyası alırlar və onlar müxtəlif formalarda həyata keçirilir. Birinci bütün istehsalçılar bütün növ vergilərdən azaddır. Bu da həmin məhsulun rəqabət qabiliyyətini qaldırmaq üçündür".
Müsahibimiz xüsusilə məhsulun maya dəyərində böyük çəkiyə təxminən 50% paya malik olan nəqliyyat xərclərinin subsidiyalaşdırılmasını vacib sayır. Bu gün Azərbaycanın tərəvəz məhsulları üzrə böyük ixrac potensialı var. Ancaq həmin məhsulların rəqabət qabiliyyətinin qaldırılmasında dövlət dəstəyi və həmin məhsullar üzrə nəqliyyat xərclərinin dövlət tərəfindən subsidiyalaşdırılması uğurlu olar. Bununla yanaşı, dünya bazarında tələb olunan yeni növ məhsulların istehsalın təşkil olunası ölkə üçün yeni gəlir mənbəyi sayılır.
Elçin Salahov- iqtisad üzrə fəlsəfə doktoru: "Bizim iqlim şəraitimiz, coğrafi möqeyimiz, işçi qüvvəsinin ucuz olması, kənd təsərrüfatında istifadə olunan suyun ucuz olması, Azərbaycanın bu baxımdan potensialı çox böyükdür. O kənd təsərrüfatı məhsullarının istehsalını ölkədə təşkil etmək olar ki, hansı ki, ənənəvi olaraq Azərbaycanın daxili bazarında o məhsullar satılmır. Bu gün bir çox ölkələr bundan istifadə edir. Bu gün İranda aysberq, lularosa, ramana tərəvəz məhsulları istehsal olunur. Onlar bizdə istehsal oluna bilər. Dünya bazarında böyük tələbat var".
Azərbaycanın xalis ticarət balansına nəzər saldıqda, ölkədə bir neçə əsas məhsulun istehsalının artırılması üçün mühüm imkanların olduğunu görmək olar. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycan təzə meyvə, fındıq və tərəvəz məhsullarının ixracı üzrə kifayət qədər yüksək göstəricilərə malikdir. Belə ki, təzə meyvə və fındıq məhsulları -2015-ci ildə 220,2 milyon ABŞ dolları, tərəvəz məhsulları 2015-ci ildə 91,7 milyon ABŞ dolları gəlir gətirib.
"Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair" Strateji Yol Xəritəsində qeyd olunur ki, görüləcək işlər nəticəsində 2020-ci ildə Azərbaycanın real ÜDM-inin, birbaşa 220 milyon manat və dolayı olmaqla 230 milyon manat, ümumilikdə 450 milyon manat artacağı proqnozlaşdırılır.
Jalə Qurbanova
- Baxış: 934