• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 14.02.2017 16:24

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır

14 fevral Beynəlxalq Sevgililər Günündə futbolsevərlərə bundan gözəl hədiyyə ola bilməz. Bu mərhələnin oyunları ilə azarkeşlərin iki aydan da çox avrokubok həsrəti sona çatır.  

Liqada birinci oyun günündə iki matç oynanılacaq. Eyni vaxtda start götürməsinə baxmayaraq “Benfika” – “Borussiya” Dortmund görüşü 1/8 finalın ilk təqvim oyunu hesab olunur. Bu qarşılaşma haqda fikirlər müxtəlifdir. Bukmeker kontorlarında pul qoyuluşları almanları cütün qalibi kimi formalaşdırsa da, Portuqaliya klubu asan təslim olan rəqibə bənzəmir və prineylilərin rəqibə layiqli müqavimət göstərəcəyi gözləniləndir. Hər iki tərəf hücumda oynamağı sevən komandadır. Bu mənada Dortmund kollektivini xüsusi ilə fərqləndirmək lazımdır. Onların qrupda Madrid “Real”ını qabaqlaması da çox şey deməkdir. Amma bu amil çətin ki, Lissabon təmsilçisini qorxuya salsın. Çempionlar Liqasında evdə keçirdikləri son 10 oyundan cəmi ikisində məğlub olan portuqaliyalılar sonuncu dəfə doğma meydanda alman klublarına 7 il əvvəl uduzublar. Odur ki, onları hesabdan silmək tezdir. Bu komandalar tarix ərzində iki dəfə üz-üzə gəliblər. Uzaq 1963/64-cü illər mövsümdə baş tutan qarşılaşmalarda tərəflər hərəyə bir qələbə qazansalar da, top fərqinə görə “Borussiya” mərhələ adlayıb.

Şübhəsiz ki, bu oyun “Pari-Sen-Jermen” – “Barselona” matçının kölgəsində qalacaq. Hər halda azarkeşlər dünyanın ən yaxşı hücum triosu sayılan Messi – Neymar – Suaresin iştirakı ilə keçirilən görüşü digərinə qurban versin. Qarşı tərəfdə Kavani – Di Mariya – Draksler 3-lüyünün yer alacağını da bura əlavə etsək, bu komandalara arasındakı oyunların daha maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminlik yaradır. PSJ – “Barselona” komandaları qitə arenasında demək olar ki, artıq əzəli rəqiblərə çevriliblər. Zarafat deyil, kollektivlər son 5 il ərzində 3-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsində görüşürlər. Əvvəlki iki qarşıdurmada katalonlara uduzaraq mübarizəni dayandıran Paris klubu sindroma son qoymağın vaxtı çatdığını düşünür. Revanş arzusu fransızların əsas psixoloji silahına çevrilib. Oyun öncəsi həm PSJ-nin, həm də Barselonanın heyətində itkilər var. Ev sahiblərində Tyaqo Motta cəzalı, qonaqlarda isə müdafiəçilər Aleş Vidal və Xavyer Maskerano zədəlidir.

1/8 final mərhələsinin hər iki oyunu Bakı vaxtı ilə saat 23:45 başlayacaq.  

Azad Rəfi