Azərbaycanda bir sıra tanınmış idmançılar var ki, onlar beynəlxalq arenada ölkəmizin imicinin formalaşmasında böyük rol oynayırlar. Belələri arasında cüdoçu Rüstəm Orucovu xüsusi qeyd etmək olar.
26 yaşlı tatami ustası bu günə kimi əldə etdiyi nailiyyətlərlə idmansevərlərin könlündə taxt qurub. 73 kq çəki dərəcəsində yarışan Orucovun ən böyük uğuru Braziliyada keçirilən Rio Olimpiya Oyunlarındakı nəticəsi olub. O, mötəbər turnirin yalnız finalında uduzmaqla gümüş medala yiyələnib. Olimpiadadan sonra Rüstəm Abu-Dabidə təşkil olunan Böyük Dəbilqə turnirində mükafatçılar sırasına düşə bilib.
Rüstəm Orucov- cüdoçu: "Bu yarışda ikinci yeri elə də uğurlu saymıram. Ancaq Olimpiadanın ardından bir müddət istirahət etdim və fasilədən sonra ora gedib ikinci yeri tutmaq məncə yaxşıdır".
Rüstəm Orucov öz çəkisində daim əcnəbilərlə rəqabətdə olduğunu, amma yerli idmançıların da onunla mübarizə aparmağa can atmasını müsbət hal kimi qəbul edir.
Rüstəm Orucov – cüdoçu: "İstəyirəm ki, beynəlxalq arenadakı rəqiblərimlə - yaponlar və koreyalılarla daha çox rəqabət aparım. Amma 73 kq-da yerli rəqiblərimin olmasına da sevinirəm. Çünki düşünürəm ki, arxadan itələyən biri var və məni güləşməyə vadar edir. Yəni rəqabətin olması yaxşıdır".
Cüdoçu bu il bütün diqqətini Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına yönəldib.
Rüstəm Orucov – cüdoçu: "Bilirsiz ki, bu il İslam Həmrəylik Oyunları keçiriləcək. Həmin yarışa hazırlıq üçün çox gərgin məşqlərimiz olacaq. Əlbəttə ki, orada elə-belə iştirak etməyəcəyik. Ancaq medal üçün tatami üzərinə çıxacağıq".
Rüstəm Orucovun medal kolleksiyasında müxtəlif beynəlxalq yarışların 4 qızıl medalı var. O, Bakı və Tbilisidəki Qran Pridə, ölkə paytaxtında keçirilən Böyük Dəbilqədə, həmçinin Kazanda təşkil edilən Avropa Çempionatında bütün rəqibləri üçün əlçatmaz olub.
Orxan Cəfərzadə
- Baxış: 437