• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 07.02.2017 16:43

Göygöldə Avropa çempionatının qrup oyunları keçiriləcək

KepezTV Player

Bu il Azərbaycan “İslam Həmrəylik Oyunları” və “Formula 1” kimi nüfuzlu yarışlarına ev sahibliyi edəcək. Bu turnirlərin ardınca isə ölkəmizdə daha bir mötəbər idman tədbiri - qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək. 

Bundan öncəki illərdə komanda yarışlarından futbol üzrə 17 yaşlılar arasında Avropa birinciliyini qəbul edən Odlar Yurdu bu dəfə Gürcüstanla birgə qitə yarışının finalını keçirməyə haqq qazanıb. Sentyabrın 20-dən oktyabrın 1-dək davam edəcək çempionatın oyunları paytaxtla yanaşı, Göygöldə də keçiriləcək. Qarşılaşmaların məhz bu rayonda təşkil olunmasının əsas səbəbi burada bir neçə il bundan öncə istifadəyə verilən idman kompleksinin standartlara tam cavab verməsidi.

Göygöl Olimpiya İdman Kompleksində bu günə qədər bir sıra beynəlxalq əhəmiyyətli turnirlər keçirilib. Voleybol üzrə Avropa çempionatı isə idman qurğusunun qəbul edəcəyi ən nüfuzlu yarış olacaq.

Görüşlərin oynanılacağı kompleksin top oyunları zalı demək olar ki, yarışa hazır vəziyyətdədir. Son tamamlama işləri isə çempionatın startına az qalmış yerinə yetiriləcək.

Atanasios Papageorgeus - FİVB-nin nümayəndəsi: "Azərbaycan Voleybol Federasiyası yarış adına çox yaxşı işlər görür. Bu federasiyada yüksək təşkilatçılıq var. Hətta müqayisə edərək demək istəyərdim ki, qurum İsveçrə saatı kimi işləyir. Avropa çempionatına Azərbaycanla qonşu Gürcüstanın birlikdə ev sahibliyi etməsi yaxşı haldır. Bu yarış regionda voleybolun inkişafına və tanınmasına təkan verəcək.  İnanıram ki, hər iki ölkə qitə çempionatını yüksək səviyyədə təşkil edəcək. Bakı ilə yanaşı, oyunların paytaxtdan kənarda, Göygöldə keçirilməsini də müsbət qarşılayıram. Bu rayon Avropa voleybolunun mərkəzlərindən biri olacaq”.  

Qarşılaşmaların Göygöldə keçirilməsinin üstün cəhəti də var. Belə ki,  coğrafi cəhətdən dağlıq ərazidə yerləşən rayona təşrif buyuran əcnəbi və yerli voleybolsevərlər oyunları izləməklə yanaşı, həm də füsunkar təbiət qoynunda istirahət etmək imkanı da qazanacaqlar. 

Atanasios Papageorgeus - FİVB-nin nümayəndəsi: "Göygöl haqda elə də çox məlumatım yoxdu. İnternet vasitəsilə rayonla bağlı informasiya əldə etmişəm. Bildiyimə görə, əsrarəngiz bir təbiəti var. Bu, Göygölə Avropa çempionatını izləmək üçün gedənlərə bir fürsətdir. Çünki qonaqların gəzmək və dincəlmək üçün  böyük şansı olacaq".

Göygöldə Avropa çempionatının yalnız 1 qrupunun oyunları baş tutacaq. D  qrupu çərçivəsində burada Serbiya, Hollandiya, Belçika və Ukrayna komandaları mübarizə aparacaq.

Orxan Cəfərzadə