• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1742
— 07.02.2017 11:48

Göygöl rayonunda həkim çatışmazlığı yaşanır

KepezTV Player

Onkoloq, dəri-zöhrəvi, nevropatoloq, pediatr, psixiatr və ailə həkimləri. Hazırda Göygölün 45-ə yaxın kənd və qəsəbəsində bu istiqamətlər üzrə həkimlərə ehtiyac var. Elə Rayon Mərkəzi Xəstəxanasında da həkim çatışmazlığı yaşanır. Bundan əziyyət çəkən isə sakinlərdir. 

Gülbəniz İsgəndərova- Quşqara kənd sakini: “Mən Quşqara kəndində yaşayıram. Bizim kəndimizdə həkim yoxdu. Çox narahatıq, gedirik yollarda qalırıq. Növbə gözləyirik, çətindi bizdən ötrü çox çətindi. İstəyərdik ki, öz kəndimizdə həkim olsun”.

Quşqaradakı kənd həkim məntəqəsində terapevt olmadığından əhali 22 km məsafə qət edərək rayon mərkəzinə gəlməli olur. 

Quşqara kənd həkim məntəqəsi 39 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində yalnız 2 il bundan qabaq məntəqəyə həkim göndərilib. Həkim burada bir neçə il işlədikdən sonra müəyyən səbəblərdən çıxıb gedib.

2002-ci ildə əsaslı təmir olunan məntəqədə yalnız 5 orta tibb işçisi əhaliyə ilkin səhiyyə xidməti göstərir. 

Qəribə Muradova- tibb bacısı: “Xəstə üçün çətin olur. Elə olur təcili tibbi yardım maşını gəlmir, maşın tapıb vaxtında gedib çata bilmirlər. Məsləhətdi ki, bizə həkim versinlər lazım olanda həkimə müraciət etsinlər”.

Göygöldə əsasən həkim çatışmazlığı ucqar kənd məntəqələrində yaşanır. 

Eldar Muradov- Göygöl rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini: “İstəyir həkim olsun, istəyir orta tibb işçisi olsun bunlar öz sənədlərini bizim verdiyimiz elan əsasında bizə verirlər. Biz o sənədləri göndəririk Səhiyyə Nazirliyinə və orada yoxlandıqdan sonra rəy əsasında göndərilir yerlərə. Bu mütəxəssislər də ilk dəfə olaraq gələndə təbii ki, müəyyən çətinliklər var. Həmin çətinliklər, məsələn, məişət çətinlikləridir, ailə məsələləridir. Ən çox isə narahat edən məişət məsələləridir”.

Çətinliklərə baxmayaraq 2011-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirən İlkin Əliyev ötən il Səhiyyə Nazirliyinin göndərişi ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına təyinat alıb. Onunla bərabər 5 orta tibb işçisi də özünə yeni iş tapıb.  

İlkin Əliyev- həkim-cərrah: “Təyinat əsasında Göygöl Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahi şöbəsinə göndərildim. Hazırda stasionar qaydada fəaliyyət göstərirəm. İş rejimi yaxşıdı, qane edir. Müraciət edən xəstələr olduqda sərbəst şəkildə əməliyyat edirəm”.

Hal hazırda Göygöl rayonunda ümumən 40-a yaxın tibb işçisinə ehtiyac duyulur. 

Elnur Vahidoğlu