• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 07.02.2017 10:59

Vaxtı düzgün idarə edə bilmək üçün nə etmək lazımdır?

KepezTV Player

Qərarsızlıq, nə istədiyini bilməmək, internet asılılığı, sosial şəbəkə asılılığı, məsuliyyətsizlik, tənbəllik, ərincəklik, düşünməyə vaxt ayırmamaq, televizora bağlılıq… Bu və bu kimi bir sıra şeylər, vaxtı düzgün idarə edə bilməməyimizə səbəb olur. Bəs yaxşı, vaxtı düzgün idarə edə bilmək üçün nə etmək lazımdır?

Zaman, həyatdır – deyirlər. Bəli, deməli, zamanı düzgün idarə edə bilməmək, həyatımızı düzgün idarə edə bilməməkdir ki, bu da ən böyük itkidir. Bu itkinin qarşısını almaq üçün isə tədbir görmək lazımdır.

Gündəlik tutun.

Vaxtı düzgün idarə edə bilmək üçün gündəlik tutmaq çox işimizə yarayacaq. Bu gündəlikdə gün ərzində edəcəklərimizi, yəni planlarımızı yaza bilərik. Plan olmayanda insan sanki axınla gedir və imkanları əldən buraxır. Gün ərzində hansı saatlarda nə ilə məşğul olacağımızı sözsüz ki, beynimizdə də planlaşdırmaq mümkündür. Amma təcrübə göstərir ki, planları yazmaq daha yaxşı effekt verir.

Yatmaq vaxtı

Öz orqanizminizin imkanlarını müəyyənləşdirin və neçə saatlıq yuxunun sizə kifayət etdiyini öyrənin. Çox yatmayın ki, vaxt itirməyəsiniz. Amma  vaxt qazanmaq üçün qədərindən az yatmaq da olmaz. Hər gün eyni saatda yatıb, eyni saatda oyanmağa öyrəşin. Bir müddət sonra bədən buna alışacaq. Beləliklə də yatmaqla vaxtımızı hədər etməyəcəyik.

Saata bağlanmaq

Saatı gözdən kənara qoymaq, vaxtı itirmək deməkdir. Bu yenə də zamanın axarına düşüb getməkdir. Ona görə də otağımızda, iş masamızda, biləyimizdə saatlara xüsusi yer verməliyik.

Həyat planı

Planlı yaşamaq çoxlarının düşündüyü kimi heç də sıxıcı deyil. Bəlkə də əksinə. Plana uyğun hərəkət edən insanların darıxmağa vaxtı olmur. Əlbəttə,  bəzi hallarda plandan kənara çıxmağa da məcbur qalırıq. Amma planın ana xətti – yəni son hədəf daim göz önündə olmalıdır.

Bunu niyə edirəm?

Prioritetləri – yəni hansı işin daha önəmli olduğunu müəyyən edin. Təxirə salmaq xəstəliyindən bir dəfəlik xilas olun. Amma eyni vaxtda bir neçə şeylə məşğul olmayın. Hər işin öz vaxtı var. Saat 5-ə təyin etdiyiniz iş haqqında saat 4-də düşünməyə başlamayın. Gərəksiz olan hər şeyi həyatınızdan çıxarın. Məcburi vaxt itkilərini öz xeyrinizə istifadə etməyi öyrənin. Məsələn avtobusda, metroda və ya kimi isə gözləyərkən kitab oxumaq olar.

Həyatınıza dəyər verin

İnsan üçün qiymətli şey onun həyatıdır. Bu həyatla düzgün davranmağın vacibliyini dərk etməliyik. Həyatımızın əsl dəyərini anlamağımız bizi, vaxtdan səmərəli istifadəyə vadar edəcək. Bunun ən böyük üstünlüyü budur ki, yaxınlarımız, doğmalarımızla ünsiyyətə bolluca vaxtımız qalacaq. Bu isə xoşbəxtliyin elə özü deyilmi?!