Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turu ilə bağlı dəyişiklik olunub. I divizionda turun bütün oyunlarını təxirə salan Peşəkar Futbol Liqası elitadan iki görüşün yerini dəyişib.
Bu matçlardan biri “Neftçi” – “Qəbələ” oyundursa, digər “Kəpəz” – “Zirə” qarşılaşmasıdır. Görüş Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq.
Qar yerini günəşə versə də, gecələr havaların şaxtalı və soyuq keçməsi meydançaya öz təsirini göstərir. Belə meydançada futbol oynamaq mümkün olmasa da, qartopu oynamaq olar.
Premyer Liqanın IV dövrəsində “Kəpəz” – “Zirə” komandaları arasında Bakıda keçirilməli olan oyun Nizami yurdunda baş tutacaq.
Cabir İbrahimov- “Kəpəz” PFK-nın icraçı direktoru: "Hazırda meydançada həm oynamaq üçün şərait yoxdu, həm də ki, növbəti qarşılaşmalarda meydança yararsız hala düşməsin deyə biz bu addımı atmışıq. "Kəpəz" azarkeşləri də bu oyunu səbirsizliklə gözləyirdilər. Amma onlar bilməlidilər ki, növbəti görüşləri doğma meydanda keçirmək üçün bunu etməyə məcbur olduq".
Fevralın 5-də Gəncədəki oyundan bir gün öncə azarkeşlərlə klub rəhbərliyi arasında keçirilməsi planlaşdırılan görüş də təxirə düşüb.
Elmar Əliyev- “Kəpəz” PFK-nın azarkeşlərlə iş üzrə əlaqələndiricisi: "Oyunun vaxtının dəyişdirilməsinə görə tədbir təxirə salındı. "Qarabağ"la oyun qabağı azarkeşlərlə görüş keçiriləcək və fanatlar həmin görüşdə istəklərini rəhbərliyə deyə bilərlər".
“Kəpəz” – “Zirə” oyununun yeri Bakıya dəyişdirilsə də, bu matç üçün həftənin əvvəlindən satışa çıxarılmış müəyyən sayda bilet artıq azarkeşlər tərəfindən alınıb. Gəncə ”Kəpəz” PFK-nın rəhbərliyi narahatlığa əsas görmür və bilet alanların diqqətinə çatdırır ki, həmin biletlər çempionatın növbəti ev oyunu üçün keçərli olacaq.
Azad Rəfi
- Baxış: 579