• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 02.02.2017 12:33

Baramaçılığın inkişafı üçün yeni addımlar atılmaqdadır

KepezTV Player

Aqrar sahədə digər bir istiqamət baramaçılığın inkişafı üçün də addımlar atılır. Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasının elmi işçiləri barama qurd qutularının hazırlamasına başlayıb. Aprel ayına kimi elmi işçilər barama qurdları üçün 1000 ədəd kiçik, 500 ədəd isə böyük qutu düzəldəcək. Həmin qutularda bəslənəcək barama qurdları üzərində 1 ay müddətində laborator təcrübələr aparılacaq.

Sevda Əliyeva -Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasının elmi işçisi: “Qurdun bədən həcmi böyüdükcə onun qutularını dəyişməliyik. Qutuları dəyişdikcə onların həcmi böyüyür. Əlimdə düzəltdiyim qutu qurdun sayına görə birinci yaş üçün nəzərdə tutulub. Bunları qatladıqdan sonra arxaya doğru bir daha qatlayırıq. İstifadə olunası formaya salırıq. Bu qutunun ən axırıncı istifadə olunan formasıdır”.

Birinci, üçüncü və beşinci yaş dövrü olan barama qurdları üçün düzələn barama qutuları da elmi işçilər tərəfindən hazırlanır. Həmin qutuların yaz mövsümü başlayana kimi yekunlaşması vacibdir.

Toxumdan çıxarılan barama qurdları qutularda yemlənərək bəslənilir. Qutuda 1 həftə saxlandıqdan sonra həmin qurdlar sayılaraq böyük qutulara keçilir. Böyük qutularda isə 20 gün bəslənilir.

Kiçik qutuda 1000-ə yaxın, böyük qutularda isə 500 barama qurdu saxlanaraq yemlənir. Ötən il laboratoriyanın elmi işçiləri tərəfindən düzəldilən qutularda barama qurdları üzərində aparılan təcrübələr müsbət nəticə verib.

Qafar Məmmədov -Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasının müdiri: “İpəkçilərin belə bir məfhumu var ki, ötən il əsl barama ili idi. Ailə yemləmələrində ayrı-ayrı çəkilən barama fərdlərinin çəkisi 3,5-3,8 qrama çatırdı. Doğrudan da bu görünməmiş rəqəmlərdi. Bu il aparılmış 3 seleksiya xətti üzərində işlər yekunlaşır və 3 cins gözləyirik. Bunlar içərisindən ən yaxşı cinsi seçib Dövlət Sort Sınaq Komissiyasına təqdim edəcəyik ki, həmin cins rayonlaşdırılsın”.

Hazırda Heyvandarlıq İnstitutunun Baramaçılıq Laboratoriyasında 82 tut ipək qurdu cinsi üzərində elmi təcrübə aparılır. Bu cinslərin də 50-i yerli, 32-i xaricdən gətirilən cinslərdi. Yerli cinslərin çoxu laboratoriyanın elmi işçiləri tərəfindən yaradılıb.
 

Elnur Vahidoğlu