• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 02.02.2017 10:16

Təxirə salmaq vərdişi nədir və bununla necə mübarizə aparmalı?

KepezTV Player

Son zamanlar insanlar təxirə salmaq davranışı nəticəsində işlərini zamanında başa çatdırmamaqdan bunun nəticəsində yaşadıqları stress və depressiv hisslər daxil neqativ hallardan tez-tez bəhs edirlər.Təbii bu problem zamanı idarə etmək daxil bir çox şeylərə böyük maneədir. Gəlin birlikdə nəzər salaq nədir bu təxirə salmaq davranışı? Təxirə salmaq davranışının ortaya çıxmaq səbəbləri və ən əsası bununla necə mübarizə apara bilərik?

Təxirə salmaq, başa çatdırmalı olduğumuz hər hansı işdən qaçmaqdır. Bunun nəticəsində də özümüzü çox vaxt günahkar, tənbəl, bacarıqsız və narahat hiss edirik. Təbii olaraq bütün bu hisslər işdə motivasiyamıza, məhsuldarlığımıza, işin keyfiyyətinə ciddi təsir edir.

Ailə faktoru

Uşaqlar təxirə salmaq davranışını körpəlikdən öz ata-analarından model alaraq öyrənə bilir. Bu davranışa adətən həddindən artıq dissiplinsiz ailə mühitində böyüyən uşaqlarda rast gəlinir. Amma diqqətli ailələrdə uşaqlar öz məsuliyyətlərini daha yaxşı dərk edir. Özlərini, gündəlik işlərini qaydaya salmaq davranışları inkişaf etməyən şəxslərdə  təxirə salmaq vərdişinə tez-tez rast gəlinir.

Şəxsi keyfiyyətlər

Tədqiqatlar nəticəsində xroniki təxirə salmaq davranışının depressiya, günahkarlıq hissi, özünə inamın aşağı olması, müxtəlif səbəblərdən əmələ gələn  narahatlıqlar,  ziddiyyətli düşüncələrlə əlaqəli olduğu göstərilir. Keçmişə bağlı insanlarda, həmçinin bu günü yaşamağı unudub ancaq gələcəyi düşünən insanlarda da belə hallar olur. İşə başlamazdan əvvəl xəyal etmək, işi və lazımlı detalları göz önündə canlandırmaq ilkin şərtdir. Daha sonra bütün bunları real şəkildə planlayıb işə başlamaq lazımdır.

Mənasız iş

Əgər məşğul olduğunuz iş sizə mənasız görünürsə, o işə başlamaq üçün motivasiyanız aşağı ola bilər. Bu da təbiidir ki, sizdə işlərinizi təxirə salma arzusu yaradacaq. Nəticədə isə heç nə əldə edə bilməyəcəksiniz.

“Görəsən nə deyəcəklər?”

Başqalarının, görəcəyiniz işi qiymətləndirməsi sizi həyəcanlandıra bilər və nəticədə işinizi gecikdirə bilərsiniz. Sizi nələrin gözlədiyini bilməməyiniz işə başlamağınıza çətinlik törədən amillərdəndir.

“Görəsən bacararam?”

İşi başa çatdıra biləcəyinizə şübhələr, peşəniz, işiniz ilə bağlı kifayət qədər məlumat və bacarığa sahib olmadığınız barədə düşüncələr  həmin işdən yayınmağınızın əsas səbəbi  iola bilər. Sadaladığımız hallarla mübarizə aparmaq çətin olsa da bu mümkündür.

Rahat olmağa çalışın.

Bəzən görmək istəmədiyimiz işlər üçün narahatlıq keçirməyə, hazırlıqlara lazım olandan daha çox vaxt sərf etməyə başlayırıq. Bunun baş verməməsi üçün etməli olduğumuz işlərə ayrı-ayrılıqda nə qədər vaxt lazım olduğunu əvvəlcədən hesablaya və zamanı nizamlaya bilərik.

Kiçik addımlarla başlayın.

Həvəssiz başladığınız işin bir müddət sonra o qədər də maraqsız olmadığını görəcəksiniz. Sadəcə diqqətlə bu işə nəzər salmağınız kifayətdir.

Zərərləri hesablaya bilərsiniz.

Bir kağıza işi görməməyin və ya gecikdirməyin mənfi tərəflərini yazsanız, onu təxirə salmağın sizə nə qədər zərər verəcəyini görmüş olarsınız. Öz daxilinizdəki neqativ düşüncələrə, dialoqlara nəzər salın və bunu müsbətə doğru dəyişməyə çalışın.

Özünüzü mükafatlandırın

Etmək istəmədiyiniz bir işi tamamladıqdan sonra özünüzü bir hədiyyə ilə mükafatlandırsanız, heç də pis olmaz. Bütün bu ardıcıllıqlara riayət etdiyimiz halda təxirə salma vərdişinə qalib gələ bilərik.

Vəfa Şairova