• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 31.01.2017 15:49

Gəncədə pambıqçılığın mövcud vəziyyəti və inkişaf yolları müzakirə edilib

KepezTV Player

Elm adamları ilə yanaşı fermer və sahibkarlar da prosesə cəlb edilərək bu sahənin ölkədəki şöhrətini bərpa etmək üçün səfərbər olub. Konfransda mövcud problemlər Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin diqqətinə çatdırılıb.

Cavad Cavadov- fermer: “Pambıqçılıqda texnika çatışmazlığı var, nazirliyin nümayəndələri deyir ki, yeniləri sifariş edilib, gətiriləcək. Digər bir çətinlik toxumla bağlıdır. Ölkədə lifsiz toxumlar istehsal olunsa yaxşıdır. Hazırda kq-nı 5 manata alırıq, yerli istehsal daha ucuz olar. Pestisidlərin, dərman pereparatlarının keyfiyyəti artırılsaydı, pambıqçılıqda heç bir çətinlik qalmazdı”.

Ölkədə pambıq əkini aparılan 10-dan çox rayonun fermerləri tərəfindən səsləndirilən problemlər demək olar ki, eynidir. Azərbaycan Dövlət Aqrar Universitetində pambıqçılıqla bağlı keçirilən elmi konfransda qaldırılan məsələlərin icrasının heç də mümkünsüz olmadığına toxunulub. Hansı ki, bu, ağ qızıl istehsalında artıma imkan verəcək.  

İmran Cümşüdov- Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Lifsiz toxum istehsalının təşkili istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən işlər aparılır. Beynəlxalq ekspertlər cəlb olunub. Həm özəl təsərrüfatlarda, eyni zamanda dövlət müəssisələrində lifsiz pambıq toxumu istehsalının təşkili istiqamətində işlər gedir. Bu da pambıq istehsalçılarını keyfiyyətli, yüksək reproduksiyalı, lifsiz toxumla təmin etmək pambıqçılığın inkişafına təkan verəcək”.

Bunun üçün yerli elm adamlarının əldə etdiyi nəticələr kənarda saxlanılmır. Yüksək məhsuldar və ucuz başa gələn toxumların əldə edilməsi alim və mütəxəssislərdən müasir elmi yanaşma tələb edir. 

Nizami Seyidəliyev- ADAU-nun prorektoru: “Pambıq sahələrindən quzapayı deyilən artıq kolların, tullantıların çıxarılmasından dondurma şumunun və suyunun aparılması, kultivasiya, səpin, suvarma, yemləmə gübrəsinin verilməsində, bütün becərmə prosesində elmi yanaşma olmalıdır. Təəssüflər olsun ki, fermerlərimiz bunlara əməl etmirlər. Elmi yanaşmayla məhsuldarlığı 50% artırmaq mümkündür”.

Respublikanın 27 rayonunda pambıq əkilir. Ötən il 51 min hektardan 90 min tona yaxın ağ qızıl tədarük olunub. Bu il isə 120 min hektarda əkin aparılaraq 200 min ton məhsul istehsalı gözlənilir. Fermerlərin qaldırdığı məsələlərin həlli və əkinə elmi yanaşma ilə pambıq yığımında göstəriciləri yaxşılaşdırmaq mümkündür. 
Xəyalə Mürsəl