• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 30.01.2017 12:59

Futbol üzrə Premyer Liqasında qış fasiləsinə yekun vurulub

Yola saldığımız həftəsonu komandalar III dövrədə mübarizəyə başlayıb. XV tura Qəbələdə start verilib. Şəhərin eyniadlı klubu “Sumqayıt”ı qəbul edib. Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan rəqiblə oyuna favorit kimi çıxsa da, bu üstünlüyünü hesabda əks etdirə bilməyib. “Qırmızı-qaralar” Məhəmməd Qurbanovun qolu ilə hesabda geri düşüblər. Qurbanov 53-cü dəqiqədə əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. “Qəbələ” bundan 6 dəqiqə sonra bərabərlik qolunu vurub. Vitali Vernidub standart vəziyyətin davamında komandasına sonucda bir xal qazandıran zərbənin müəllifinə çevirilib.

İlk oyun gününün qarlı havada keçirilən ikinci matçında “İnter” “Kəpəz”i böyük hesabla məğlub edib. Hərçənd ki, görüşdə hesabı açan tərəf “sarı-göylər” olub. Komandanın kapitanı Tural Axundov qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini dəqiq yerinə yetirib. Fasiləyə saniyələr qalmış Zaur Svanadzenin yetirmələri hesabı bərabərləşdirib. Nizami Hacıyev fərqlənib. İkinci hissədə rəqibindən daha üstün oynayan bankirlər bunun nəticəsi kimi daha 3 dəfə seviniblər. Əvvəlcə Fuad Bayramov Bakı klubunu hesabda önə daşıyıb. Bir qədər sonra müdafiəçilərin müşahidəçi kimi seyr etdiyi Abbas Hüseynov cərimə meydaçasına daxil olan kimi çərçivənin uzaq küncünü dəqiq nişan alıb. Oyunda son nöqtəni isə Rauf Əliyev qoyub. Hücumçu topu boş qapıya göndərib. 4:1.  

Çempionatda ikinci oyun günü turun mərkəzi görüşü ilə əlamətdar olub. Premyer Liqanın lideri “Qarabağ” fasilədə yenilənmiş “Neftçi” ilə qarşılaşıb. Gözlənilənlərin əksinə olaraq hesabı “ağ-qaralar” açıb. Ağdam klubunun müdafiə xəttinin kobud səhvi Cavid İmamverdiyevin fərqlənməsi ilə nəticələnib. Qurban Qurbanovun komandası ikinci hissədə canını məğlubiyyətdən qurtarıb. Əllə oyuna görə təyin olunan 11 metrliyi Dino Ndlovu dəqiq yerinə yetirib. 1-1.

Turun “Zirə” – AZAL oyunu ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Zirəlilər ilk yarıda görüşün nəticəsini öz xeyrlərinə həll ediblər. Sezar Meza Kolli dubl edib. O, 11-ci və 29-cu dəqiqələrdə toru havalandırıb. Qalan vaxtda qonaqların vurduqları qol onlar üçün təsəllidən başqa bir şey olmayıb. Rəşad Abdullayev ikinci hissədə hesab arasındakı fərqi azaldıb. 1:2.

Azərbaycan Premyer Liqası, III dövrə

 

XV tur

 

“Qarabağ” – “Neftçi” - 1:1

Qollar: Dino Ndlovu, 73 (pen.) - Cavid İmamverdiyev, 13

 

“Zirə” – AZAL - 2:1

Qollar: Sezar Meza Kolli, 12, 29 - Rəşad Abdullayev, 50

 

“İnter” – “Kəpəz” - 4:1
Qollar: Nizami Hacıyev, 45+2, Fuad Bayramov, 53, Abbas Hüseynov, 61, Rauf Əliyev, 79 - Tural Axundov, 40

“Qəbələ” – “Sumqayıt” - 1:1

Qollar: Vitali Vernidub, 59 - Məhəmməd Qurbanov, 53

 

Azad Rəfi