İnsanların 45 faizi yuxu zamanı arada-bir, 25 faizi isə mütəmadi olaraq xoruldayır. Xorultu nəfəsalma prosesi zamanı havanın dar bir sahədən keçərkən yumşaq toxumaları titrətməsi nəticəsində yaranır.
Kök insanlar daha çox xoruldayır.
Kök insanlarda qalın və yağlı boyun toxuması, uşaqlarda isə iri badamcıq və burun əti xoruldamağa səbəb ola bilər. Burnun tutulması isə xoruldamağın əsas səbəbi hesab edilir. Spirtli içki içdikdə, sakitləşdirici, yuxu gətirici dərmanlardan istifadə etdikdə xoruldamaq ehtimalı artır.
Kişilərdə xorultu
Kişilərin və kök insanların daha çox xoruldadıqları məlumdur. Bunun səbəbi yağ toxumasının kişilərdə boyun və qarın bölgəsində daha çox toplanmasıdır. Kök insanlar isə əsasən kürəyi üstündə yatdıqları üçün qarın kütləsinin diafraqmaya təzyiqi nəticəsində xoruldamaq qaçılmaz olur.
Qadınlarda xorultu
Qadınlarda bu hal daha çox 50 yaşından sonra baş verir. Bədəndə gedən proseslərin nəticəsi olaraq onlar da xoruldaya bilərlər. Aparılan araşdırmalara görə 60 yaşı ötdükdən sonra qadınların 73, kişilərin isə 84 faizi xoruldayır.
Yuxuda nəfəsin kəsilməsi ehtimalı
Xoruldayan insanın yuxuda nəfəsinin kəsilməsi ehtimalı var. Əvvəllər qısa müddət nəfəssiz qalmağın təhlükəli olmadığı hesab edilirdi. Ancaq son illərdə hesablamalar göstərdi ki, yuxu əsnasında tənəffüsün dayanması, ya da ani şəkildə oyanma, qandakı oksigen miqdarını azaldır. Bu isə ürək, beyin və digər orqanlara kifayət qədər oksigen getmədiyini göstərir. Orqanların oksigensiz qalması qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır.
Yuxu rejiminin pozulması
Xoruldamaq yuxu rejiminin pozulmasına, yorğunluğa, halsızlığa səbəb olur, həmçinin əsəblərə də pis təsir edir. Psixoloqlar hesab edir ki, ağır gərginlik və stress yaşayan insanlar da xoruldaya bilirlər. Stressin təsiri altında olan insan tam yuxuya gedə bilmir və özü də hiss etmədən xoruldayır. Stressdən yaranan xorultu daim davam etmir. Bəzən isə xorultu mövsümdən asılı olur. Buna səbəb temperaturun dəyişməsi, bədənin yuxu zamanın kifayət qədər nəmləndirilməməsidir.
Xorultuya çarə
Xoruldamaq təkcə insanın özü üçün deyil, onunla eyni otaqda yatan insan üçün də problem yaradır. Ancaq bu problem tamamilə aradan qaldırıla bilir, yəni müalicəsi mümkündür. Müalicə hər bir xəstənin probleminə uyğun aparılır. Əvvəlcə, xəstə bir gecə xüsusi cihazın müşayiəti altında yatır. Bu zaman onun xoruldamasının əsl səbəbi üzə çıxarılır və diaqnoz qoyulur. Diaqnoza uyğun olaraq allergiya və ya infeksiyaya qarşı dərmanlar verilərək məsələ həll edilir. Çox vaxt isə badamcıqlar və burundakı ət cərahiyyə əməliyyatı ilə götürülür. Əməliyyatdan uzaq durmaq istəyənlər burun bantlarından yararlana bilərlər. Lazer vasitəsilə tənəffüs yollarının genişləndirilməsi də mümkündür.
Təbii üsullarla da bu problem həll oluna bilər. Bunun üçün əzələ kütləsini artırmaq məqsədilə idmanla məşğul olmaq, yuxu vaxtına dörd saat qalmış spirtli içkidən və ağır yeməklərdən imtina etmək və böyrü üstə yatmaq kifayətdir.
Almaz İbrahimli
- Baxış: 1837