Cari ilin 9 yanvar tarixindən "Azərbaycan Hava Yolları" QSC yəni, AZAL Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verdi. Səbəb kimi isə uçuşların kommersiya baxımından qeyri-effektivliyi göstərildi... AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin ARB-yə verdiyi məlumatda belə deyilirdi.
İndi baxaq: Gəncə Beynəlxalq Hava Limanı sadəcə yerləşdiyi şəhər yox, bütövlükdə Qərb regionunun əhalisinə xidmət edir. Bu bölgənin şəhər və rayonlarında yaşayan sakinlərin sayı ümumilikdə 1 milyondan artıqdır. Onlar arasında bu və ya digər şəkildə paytaxtla əlaqəsi olanların, Bakıya gedib-gələnlərin sayı da yetərincədir. O cümlədən paytaxtdan Gəncəyə gələnlərin də... Yaxın vaxta kimi bu gediş-gəliş hava, dəmir və avtomobil yolu vasitəsi ilə həyata keçirilirdisə, məlum qərardan sonra sakinlər qatar, avtobus, taksi və ya şəxşi avtomobillərindən istifadə edirlər.
Arif Zeynalov- Gəncə şəhər Beynəlxalq Avtovağzalının dispetçeri: "Gəncədən Bakı istiqamətinə gün ərzində 23-24 avtobus çıxır. Səhər 06:30-dan başlayaraq, axşam 18:00-dək hər yarım saatdan bir avtobus yola düşür. Sərnişin sayı isə təxminən 200-300 arası dəyişir".
Bir biletin qiyməti 6-7 manat, avtobusun Bakıya çatma müddəti isə 5 saat təşkil edir. Avtobus qədər olmasa da, qatardan istifadə edən sərnişinlər də var. Hazırda Gəncədən Bakıya günaşırı olmaqla - sürət, gündəlik olaraq 3 qatar hərəkət edir, 364 km-lik məsafəni 8 saata qət etməklə... Hər gün 60-70 nəfər Gəncədən paytaxta məhz qatarla gedir. Bir nəfərlik biletin dəyəri isə kupe üçün 11 manatdır.
Paytaxta daha tez çatmaq istəyənlər isə alternativ variant olaraq taksi xidmətindən yararlanır. Avtovağzalda müştəri gözləyən sürücülər maksimum 4 sərnişinlə yola çıxırlar. Qiymət isə adambaşına 10-15 manat arasında dəyişir. Şəxsi avtomobili ilə səyahət edənləri nəzərə alaraq, benzin sərfiyyatı ilə də maraqlandıq...
Sürücü: "Hardasa, 30-32 litr benzin sərf olunur. Söhbət avtvağzaldan-avtovağzala gedir. Şəhərin içərisinə keçəsi olsaq sərfiyyat artır".
Bu da təqribən 23 AZN deməkdir... Nəticə etibarı ilə deyə bilərik ki, bu nəqliyyat vasitələrindən istifadə təyyarə ilə müqaisədə ucuz başa gəlir, amma... Amması odur ki, vaxt itkisi çox olur. 35-55 AZN ödəməklə 45 dəqiqəyə qət edilən məsafəni indi ən tez 4 saata başa vurmaq mümkündür. Vaxtın qızıla bərabər tutulduğu bir dövrdə, hər an qiymətlidir və heç kəs itkiyə yol vermək istəmir.
Zemfira Ağayeva- "Sahibkar Qadınlar" İB-nin sədri: "Gəncə-Bakı aviareysi bizim əlimizdən çox tuturdu. Elə günlər olur ki, biz Bakıya gedib, elə həmin gün də Gəncəyə qayıtmalı oluruq. Biz hələ reyslərin üç gün olmasına narazı idik, indi ümumiyyətlə bağlanıb. Çox təəssüflənirik".
Hüseyn Budaqov- YAP Gəncə şəhər təşkilatı idarə şöbəsinin müdiri: "Rentabelliyindən asılı olmayaraq, Gəncə-Bakı aviareysi Azərbaycanda mühüm uçuş yollarından biridir. Nəzərə alaq ki, Gənvə Azərbaycanın ikinci böyük sənaye və mədəniyyət şəhəridir. Gəncə bir çox beynəlxaql tədbirlərə ev sahibliyi edir. Bu parametrlər nəzərə alınaraq, mən düşünürəm ki, bu aviareys bərpa olunmaldır. İnanıram ki, şəhər rəhbərliyi ilə AZAL rəhbərliyi bu istiqamətdə bir addım ata bilərlər".
Əslində müsahibimiz çox önəmli bir məsələyə toxundu. Bəli, Gəncə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu istiqamətdə şəhərin təcrübəsi ötən il daha da artdı. Gəncəylə xarici qonaqların tanışlığı isə növbəti illərdə bölgəyə turist axınının artmasına zəmin yaradır. Burada bir məsələyə də toxunaq... Azərbaycanın ən çox turist qəbul edən şəhərlərindən biri - Naftalan Qərb bölgəsində yerləşir. Bura gələn xarici ölkə vətəndaşlarının sayı ilbəil artır. Məsələn, ötən il ərzində 25 000 turist Naftalana gəlib ki, onlardan da 5200-ü əcnəbidir. Bu il, Naftalan 54 ölkədən turist qəbul edib və bu, son illərin ən yüksək göstəricisidir. Sevindirici haldır. Çünki...
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "...turizm sektorunun inkişafı bizim üçün prioritet sahədir. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir. Sovet dövründə iki məşhur kurortumuz var idi - biri Qalaaltı, biri də Naftalan. Naftalan kurort mərkəzi bu gün də ən yüksək səviyyədə yaradılıb. Naftalana hər il istirahət üçün artıq on minlərlə insan gəlir və şadam ki, son vaxtlar xarici ölkələrdən də gələnlərin sayı gündən-günə artır".
Bəli, gələn xarici turistlərin sayı gündən-günə artır, amma unutmaq olmaz ki, ölkəyə turist axının artması üçün təbii amillərlə yanaşı, infrastruktur da lazımdır və hava limanları bu infrastrukturunun önəmli bir hissəsidir.
Bu səbəbdən də deyə bilərik ki, bölgəyə gələn turist sayına yaxın zamanadək mövcud olan Bakı-Gəncə-Bakı aviareysi də müsbət təsir edirdi... Lakin kommersiya baxımından qeyri-effektiv olduğu üçün fəaliyyəti dayandırıldı. Burada bir sual yaranır: Niyə? Niyə bu reys gözlənilən nəticəni vermir? Bu suala cavab tapmaq üçün kiçik bir müqayisə edək:
Qonşu Türkiyə. Burada müxtəlif aviaşirkətlər fəaliyyət göstərir və hər biri sərnişinlər üçün müxətlif qiymətə biletlər təklif edir. Məsələn, "Anadolujet"in təklif etdiyi uçuş qiymətlərinə baxaq:
Ankara - Bodrum: 32 manat, məsafə - 703 km
Ankara - Adana: 31 manat, məsafə - 498 km
Ankara - Trabzon: 44 manat, məsafə - 736 km
Bir az uzaqlaşaq: Polşa.
Qdınya - Varşava: 19 manat, uçuş müddəti - 441 km
Qdınya - Stokholm: 12 manat, uçuş müddəti - 1 653 km
Qdınya - Oslo: 28 manat, uçuş müddəti - 1 602 km
Qonşu Rusiyada da vəziyyət qənaətbəxşdir:
Moskva - Sankt-Peterburq: 45 manat, məsafə - 713 km.
Yenə də fərqli aviaşirkətlərin təkliflərindən yararlanmaq və ən uyğun olan təklifi seçmək sərnişinin öz əlindədir. Hətta təyyarədən tez-tez istifadə edən müştərilər üçün xüsusi "abonement bilet"i də təklif olunur ki, bu da daha çox və daha ucuz səyahət imkanı verir.
Və...
Gəncə - Bakı: qiymət 35-55 manat arasında dəyişir, məsafə 364 km, uçuş vaxtı 45 dəqiqə... Bu rəqəmlər, müqaisədən əvvəl qoyduğumuz sualın birbaşa cavabıdır əslində...
Həmin paradoksu millət vəkili Musa Quliyev də əsas gətirərək bunu AZAL-ın monopolist fəaliyyətinin nəticəsi kimi qiymətləndirir. Paytaxtla ölkənin ikinci şəhəri arasında hava əlaqəsinin kəsilməsi qərb bölgəsində ciddi narazılıq yaratdığından Gəncədən seçilən deputatlar Hökumətə və Prezidentə müraciət etmək fikrindədirlər.
Musa Quliyev- Millət vəkili: "Əgər 90-cı illərdə iqtisadi cəhətdən ölkənin kasıb vaxtında, biletlər də daha ucuz olanda biz Gəncə-Bakı aviareysini işlədə bilmişiksə, deməli, indi də işlədə bilərik. Çünki, bu, tək iqtisadi layihə deyil, həm də sosial və ictimai əhəmiyyətli bir layihədir və hər şeyi də pul ilə ölçmək lazım deyil. Bundan başqa AZAL-ın çoxlu imkanları var. Əgər Gəncə-Bakı aviareysi özlərinin dediyi kimi iqtisadi cəhətdən səmərəli deyilsə, o xərcləri kompensasiya etmək üçün AZAL-ın böyük imkanları var. Bununla yanaşı, ölkənin digər təyyarə daşıyıcılarını bu işə cəlb etməklə məsələni həll etmək olar".
Gəncə Qərb bölgəsinin mərkəzi şəhəri olmaqla yanaşı, Azərbaycanın qədim paytaxtlarından biridir. Burada üç ali təhsil müəssisəsi fəaliyyət göstərir. Gəncə ölkənin sənaye və aqrar rayonlara yaxın mərkəzlərindən biri hesab olunur. Bununla yanaşı, ötən il Avropa Gənclər Paytaxtı olan Gəncə, bu il MDB-nin mədəniyyət paytaxtı statusunu daşıyır.
Bütün bu amillər nəzərə alınaraq, "AZAL"-ın dediyi kimi iqtisadi cəhətdən səmərəli hesab olunmayan aviareysi bağlamaq yerinə, alternativ variantlar üzərində fikirləşmək daha düzgün olmazdımı?!
Gülnar Fazilqızı
- Baxış: 1856