Vaxtilə futbolçu indi isə məşqçi kimi “Kəpəz”in uğurları üçün çalışan Vidadi Rzayev ilə Vasif Vəliyev A kateqoriyasına layiq görülüb. UEFA-nın müvafiq məşqçi kurslarına qatılan hər iki mütəxəssis imtahanların nəticəsinə əsasən kateqoriyasını daha bir pillə artırıb.
Vidadi Rzayev- A kateqoriyalı məşqçi: “Bu yaşda oxumaq çətin oldu. Şükürlər olsun ki, imtahandan üzüağ çıxdıq. İmtahanları alman mütəxəssis götürdü, davamı gəlsin, PRO alaq”.
Təxminən 10 il öncəyə kimi məşqçilər üçün kateqoriya almaq məsələsi bir o qədər aktual olmasa da, müasir dövrdə bu, futbolun əsas tələblərindən biridir. Peşəkar futbolda lisenziyasız məşqçi kimi fəaliyyət göstərmək demək olar ki, mümkünsüzdür.
Vidadi Rzayev- A kateqoriyalı məşqçi: “Öyrəniləsi çox şey var, oyun məşqləri, analizləri, bərpa müddətləri. Yeniliklər çoxdur, futbol daim inkişaf edir. Ona görə də bunların hamısını bilmək lazımdır. Odur ki, oxumaq, öyrənmək vacibdir. Futbol oynamaq ayrı, məşqçilik tamam başqa işdir”.
İstedadlı və bacarıqlı məşqçi təkcə işi ilə deyil, həm də kateqoriyası ilə də tanınmalıdır. AFFA tərəfindən təşkil edilən kurslar da gənc məşqçilərin daha təcrübəli mütəxəssis kimi yetişməsi yolunda əsas vasitələrdəndir.
Vasif Vəliyev- A kateqoriyalı məşqçi: “AFFA-nın təşkil etdiyi kateqoriyalar məşqçilərin savadının artırlmasına xidmət edir. Məşqçilər kateqoriyalarını artırdıqca, futbol görüşləri də yüksəlir. Bizim də məqsədimiz öyrəndiklərimizi gənc futbolçularla bölüşmək, onlara öyrətməkdir. Onların daha güclü, səviyyəli futbolçu kimi yetişməsinə kömək etməkdir”.
4 mərhələdən ibarət olan A kateqoriyalı kurslar fasilələrlə 2 ay davam davam edib. Məşqçilər 3 ildən sonra lisenziyalarını yeniləməlidirlər.
Azad Rəfi
- Baxış: 560