• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 23.01.2017 12:27

Azərbaycan mədəniyyəti daha bir istedadlı xadimini itirib

Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın əməkdar artisti Faiq Qasımov dünyasını dəyişib. Realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan əməkdar artist, ömrünün 52 ilini bu sənətə həsr edib. O, Gəncə Dövlət Dram Teatrının səhnəsindən bir-birindən maraqlı, yaddaqalan obrazlar yaradıb. Cəfər Cabbarlının “Almaz” və “Aydın”, Altay Məmmədovun  “Kişilər” və “Ulduzlar görüşəndə”, Sabit Rəhmanın (“Nişanlı qız”, “Xoşbəxtlər” və “Küləklər”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Vilyam Şekspirin kimi “Otello” və “III Riçard” kimi tamaşalar onun rol aldığı səhnə əsərlərinin bir qismidir. Faiq Qasımov son illər Gəncə Dövlət Dram Teatrının səhnəsində bir-birindən maraqlı pyeslərə quruluş verib. O, gənclər və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da böyük həvəslə çalışıb, onların iştirakı ilə müxtəlif tamaşalar ərsəyə gətirib.  Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı adına layiq görülüb. 25 avqust 1948-ci ildə dünyaya gələn Faiq Qasımov 68 yaşında vəfat edib. Mərhum sənətkarla vida mərasimi 24 yanvar 2017-ci il saat 11:00-dan 14:00-dək Gəncə Dövlət Dram Teatrının binasında olacaq. O,  Fəxri xiyabanda dəfn ediləcək.

Gülnar Fazilqızı