• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 20.01.2017 15:49

Qərb bölgəsinin rayonlarında da 20 Yanvar şəhidləri yad edilib

KepezTV Player

Şəmkir, Göygöl və Samux sakinləri də Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Anım mərasimlərində 27 illik tarix kompozisiyalarla canlandırılıb.

Şəmkirdə 1990-cı ilin yanvarında şəhidlik zirvəsinə ucalanlar, vətən uğrunda dünyadan köçənlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə kompleksini ziyarət edib, eləcə də baş verənlərin özündə əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə anılıb. Hüzn və qəhrəmanlığın vəhdəti kimi xarakterizə edilən 20 Yanvar imperiyanın tək Azərbaycan xalqına qarşı  yox, insanlığa yönələn simasını açıq şəkildə göstərdiyinə diqqət çəkilib. Şəmkir ictimaiyyətinin nümayəndləri ardından Şəhidlər Xiyabanına qədər yürüş edərək vətən uğrunda həlak olan oğulların məzarlarını ziyarət ediblər.  

Göygöldə də Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycan uğrunda şəhid olanların xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər çiçəklər düzülüb. Şəhidlərin qanının yerdə qalmayacağına əminlik ifadə edilib. Qarabağ uğrunda gedən döyüşlərdə canından keçən polis əməkdaşlarının məzarları da ziyarət olunub. Rayon ictimaiyyəti baş verən hadisələrin dinc əhaliyə qarşı yönəlməsini qətiyyətlə pisləyib.  

Samux rayonunda keçirilən anım tədbiri məktəblilərin 20 Yanvara həsr etdikləri rəsm sərgisi ilə başlayıb. Xalqımızın azadlıq və müstəqillik arzusu, bu yolda aparılan mübarizə, 20 Yanvar faciəsinin dəhşətləri şagirdlərin dili ilə təqdim olunub. Şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət edilib. Minlərlə rayon sakini bununla yanvarın 20-də baş verən hadisələrdən 27 il ötməsinə baxmayaraq, şəhidlərin əziz xatirəsinin unudulmadığını göstəriblər.  

 

Natiq Hüseyn