Peşə təhsili müəssisələrində təhsil alan tələbələr işlərini elə təhsil müddəti ərzində planlaşdırmalıdır. Ancaq onlar işin incəliklərini öyrənsə də, iş qurmağın yollarını bilmirlər. Elə bu məqsədlə “Region gənclərinin biznes və peşəkar inkişafi” layihəsi üzrə təlimlər təşkil edilib.
Sahib Rizvanov- Qəbələ şəhər Peşə məktəbinin tələbəsi: "Bu ideya qardaşımla ikimiz tərəfindən irəli sürüldü. Layihədə 6 nəfər iştirak edirik - təlimçilər, biz və digər iştirakçılar. Loqodan da göründüyü kimi, İDD- yəni irəli, dön, dur. Buzda sürüşməyi öyrənmək istəyən varsa bunun üçün 3 şərti bilməlidir - irəli getməyi, dönməyi və durmağı. Biz daha az vaxt ərzində insanlara bunu öyrədirik. Biznes planda A və B planı olmalıdır. Bu sadəcə B planıdır. Hər şey hazırdır. Bizə yalnız maliyyə vəsaiti lazımdır".
Qəbələdən olan Rizvanovlar qardaşları kimi təlimə qatılan 60 nəfər seçilmiş kəslər aldıqları peşəyə uyğun hazırladıqları layihələri biznes sərgisində nümayiş etdirib. Bununla da onlar gələcək karyeralarında uğur qazanmaları üçün həm iqtisadi, həm sahibkarlıq biliklərini, həm də peşəkar bacarıqlarını ortaya qoymuş olur. Qəbələdən olan gənclər kimi Gəncə şəhərinin təmsilçisi də görünür biznes qurmaq üçün hər bir addımı hesablayıb.
Ofeliya Hümbətova- Gəncə şəhəri 3 saylı Peşə liseyinin tələbəsi: "Modaya böyük marağımız olduğu üçün “Houmbat Boutigue” açmaq istəyirik. Butikin yaxınlığında otelye də olacaq. Butiki 5 qız birgə açırıq. Həm tikirik, həm dizayn veririk, həm də satırıq. Maliyyə dəstəyi üçün bir müddət başqa yerdə çalışmaq istəyirik".
Təbii ki, hər bir qurulan biznes pulsuz alınmadığı üçün Gəncədə təşkil olunan təlimlər daha mükəmməl layihələrin hazırlanmasına yönəldilib.
Aidə Cəfərova- Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatının proqram koordinatoru: "Region gəncləri müəyyən fəaliyyətlərdə çox arxada qalırlar. Onlar nəsə etmək istədikdə ancaq bunun yollarını bilmirlər. Bizim də əsas məqsədimiz odur ki, bu uşaqlarda az da olsa gələcəkdə quracaqları işlərə kömək edək".
Gənclərin iş adamı kimi formalaşması məqsədilə icra edilən layihə iki əsas komponentdən – təlimlər və biznes sərgisi günündən ibarət olub. Gənclərə hazırladıqları biznes planın mükəmməlliyini bildirmək üçün simvolik olaraq müxtəlif nominallı pullar təqdim olunub. Bu da gəlcəkdə həmin planın reallaşması üçün gənclərə bir stimuldur.
Jalə Qurbanlı
- Baxış: 936