• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 28.10.2016 17:34

Azərbaycanda cüdonun inkişafı yeni mərhələyə qədəm qoyub

Tək Bakıda deyil, regionlarda da yapon güləşinin tərəqqisi əsas prioritetlərdəndir. Bu mənada Gəncənin adını xüsusi ilə qeyd etmək lazımdır. Cüdo Nizami yurdunda gənc nəslin maraq göstərdiyi fərdi idman növlərinin başında gəlir. Yapon döyüş sənətinin Gəncədə ənənəsi də var. Ənənə isə inkişafın açarı hesab olunur. Bünövrə olan yerdə uğur qazanmaq çətinlik yaratmamalıdır.

Ramiz Məmmədov - əməkdar məşqçi: "Son vaxtlar ümumiyyətlə ölkəmizdə idmana böyük diqqət və qayğı göstərilir. Artıq bütün ailələrdə cüdo idman növünü tanıyırlar. Elnur Məmmədli olimpiya çempionu olduqdan sonra cüdo ilə məşğul olanların sayı daha da artdı. Rioda keçirilən olimpiadada isə iki idmançımızın gümüş medal qazanması cüdonu daha da məşhurlaşdırdı".

Gəncə cüdo məktəbinin yetirmələrinin imza atdıqları uğurlar ölkə daxili yarışlarla məhdudlaşmır. Özünəməxsus dəsti-xətti ilə seçilən Nizami yurdunun tatami ustaları dünya və Avropa çempionatları, Böyük dəbilqə turnirləri, Qran-prilər və digər nüfuzlu yarışlarda fəxri kürsüyə yüksəliblər. Şübhəsiz ki, qazanılan nailiyyətlərə cığıraçan 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarının bürünc medalına da sahib çıxan Mövlud Mirəliyev olub.

Ağayar Axunzadə - milli komandanın sabiq baş məşqçisi: "Mövluddan əvvəlki illərdə də Araz Muxtarov gənclər arasında Avropa çempionu olub. İlkin Babazadə yeniyetmələr arasında Avropa çempionu adını qazanıb. Tural Abbasov yaxşı nəticələr verib. Ramil Qasımov olimpiya oyunlarında iştirak etdikdən sonra paralimpiya oyunlarının qalibi olub".

Azərbaycan Cüdo Federasiyası son dövrlər ölkədə bu idman növünün inkişafı istiqamətində xeyli işlər görür. Qurum bölgələrdə zona yarışları təşkil edərək yeni perspektivli cüdoçuların aşkarlanmasına şərait yaradır.

Ağayar Axunzadə - milli komandanın sabiq baş məşqçisi: "Mənim fikrimcə bu yarışların seçimindən istedadlı idmançılar üzə çıxacaq. Həm vaxt, həm də şərait lazımdı. Fikrimcə inkişaf daha da çox olacaq. Sadəcə bir az təkan lazımdı. Təkan da federasiya tərəfindən həmişə veriləcək".

Bakıdan sonra respublikada ən böyük cüdo mərkəzi sayılan Gəncədə müxtəlif yaş kateqoriyasından olan 1000-ə yaxın tatami ustası bu idman növü ilə məşğul olur. Şəhərin əksər idman məktəblərinin bölmələrində 30-a yaxın qrup fəaliyyət göstərir ki, burada da 50-dən çox məşqçi çalışır.

Cüdo yaponcadan dilimizə asan, yumşaq yol kimi tərcümə olunsa da, əslində bu belə deyil. Niyə? İndi özünüz görəcəksiz. Hansı ağrılar hiss etdiyimi indi deyə bilmərəm. Deməli, bu idman növünü seçənlər heç də asan yolun yolçusu deyillər.

Orxan Cəfərzadə