• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 24.10.2016 12:46

Kəpəz evdə 1 xalla kifayətləndi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilir. İlk oyun günündə bir görüş baş tutub. "Kəpəz" Gəncədə "İnter"i sınağa çəkib. 10650 azarkeşin izlədiyi oyunun start fitindən sonra irəli atılan gəncəlilər ilk qol vəziyyətini 17-ci dəqiqədə reallaşdırıblar. Ceyhun Cavadovun zərbəsini rəqib qapıçı asanlıqla dəf edib. Ardınca bu dəfə qonaqlar qola yaxın olublar. Ağabala Ramazanovun fərqlənməsinə Tadas Simaitis izin verməyib. Cəmi 1 dəqiqə sonra Ebah Serjinyonun ötürməsini qola çevirə bilməyib. Topa daha tez çatan Səlahət Ağayev hesabın açılmasına imkan yaratmayıb. 26-cı dəqiqədə Ağayev yenidən komandasını qoldan xilas edib. Əlcək sahibi növbəti dəfə Tural Qürbətovun zərbəsini zərərsizləşdirib. Fasilədən sonra ilk təhlükəli hücum İnterdən gəlib. Sürəti hesabına müdafiəçiləri geridə qoyan Ağabala Ramazanov qapıçı ilə dueldən də qalib ayrılsa da, yekunda topu yan tora vurub. İkinci yarıda istəkli görünən bankirlərin daha bir qolunun qarşısını Tural Axundov kəsib. Ruslan Abışovun sevinməsinə müdafiəçi başıyla əngəl olub. Bu hücumun davamında Pərdis Fərcad Azadın baş zərbəsinə isə mükəmməl reaksiya verən Tadas Simaitis növbəti dəfə qapısını toxunulmaz saxlayıb. Beləliklə oyunun sonudək qapılara yol tapa bilməyən tərəflər 0:0 hesablı sülhlə barışıblar.

Şahin Diniyev - "Kəpəz"in baş məşqçisi: "Mənə elə gəlir ki, yaxşı oyun alındı. Futbolçularımdan çox razıyam. Bu gün komandada bəzi zədəli oyunçular olsa da, bu bizim işimizə mane olmadı. Onların əvəzinə meydana çıxanlar oyuna başlarını qoydular və hər biri verilən taktiki tapşırıqları yüksək səviyyədə yerinə yetirdilər. Birinci hissə tam bizim üstünlüyümüzlə keçdi. İkinci hissədə isə hər iki komanda bərəbər səviyyəli oyun sərgilədi. Futbolçularıma təşəkkür edirəm. Bu gün xarakter göstərdilər, meydançanın hər qarışı uğrunda vuruşdular."

Zaur Svanadze  - "İnter"in baş məşqçisi: “İlk yarıda o qədər də uğurlu çıxış etmədik, ancaq ikinci hissədə çox yaxşı idik. Bir neçə qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. Heç olmasa, bir vəziyyəti reallaşdıra bilsəydik, Bakıya 3 xalla qayıda bilərdik. Bütün çətinliklərə baxmayaraq, deyə bilərəm ki, oyundan razı qaldım. Biz bu gün qələbəyə layiq idik, ancaq heç yoxdan 1 xal da yaxşıdı”.

Renan da Silva - "Kəpəz"in oyunçusu :  "Ümumilikdə biz yaxşı oynadıq. Butün komanda verilən tapşığın öhdəsindən layiqincə gəldi. Birinci hissə komandamız daha istəkli idi. Qol vurmaq üçün şanslarımız oldu. Sadəcə, epizodları dəyərləndirə bilmədik. Fasilədən sonra isə İnter bir neçə vəziyyətdə qola yaxınlaşdı. Ancaq bütün cəhdlərə baxmayaraq yekunda qarşılaşma 0:0 hesabıyla başa çatdı. Qələbə qazana bilməsək də, yaxşı oyun göstərdiyimizə görə özümüzü təbrik edirəm".

Serjio Karneyro - "Kəpəz"in oyunçusu: "Birinci hissədə biz, ikinci yarıda isə rəqib qol vəziyyətlərindən yararlana bilmədi. Meydanda onlardan daha çox çalışdıq. Onu deyə bilərəm ki, komandamızın oyunu yaxşı alındı. Şanslarımız olsa da, bəxtimiz gətirmədi. Biz Gəncədə daha yaxşı oyun göstəririk. Bunun səbəbi azarkeşlərdir. Burada stadiona xeyli sayda fanat gəlir və biz də onların dəstəyindən güc alırıq. İstəyirik ki, hər zaman azarkeşlərə qələbə bəxş edək və uğurlu nəticələrlə onları sevindirək".

ORXAN CƏFƏRZADƏ