• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 11.10.2016 13:34

Futbol üzrə Azərbaycan kubokunda yeni mövsüm başlayır

Kubok mübarizəsi sabah 1/16 final mərhələsindən başlayacaq və bu mərhələdə iki oyun keçiriləcək.

Hər iki görüş qərb komandalarının iştirakı ilə baş tutacaq. “Turan Tovuz” – “Bakılı”nı qəbul edəcək, “Şəmkir” doğma meydanda “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Qarşısına yüksək liqaya yüksəlmək vəzifəsi qoyulan “ağ-qırmızılar” iki cəbhədə çıxış etməklə mübarizə yükünü ağırlaşdırıb. Çempionatdan fərqli şəmkirlilərin kubok sayəhətinin daha uzaqlara gedəcəyi gözlənilən deyil.

 Qəhrəman Əliyev- “Şəmkir”in baş məşqçisi: “Kubok oyununun öz özəlliyi var, nə qədər irəli gedəcəyiksə, bu, komandanın uğuru olacaq. İki cəbhədə vuruşmaq bizim üçün ağır olar. Növbəti mərhələyə keçsək, Bakıda “İnter” ilə oynayacağıq. Öz gücümüzü göstərməyə çalışacağıq”.

“Şəmkir” və “Qaradağ Lökbatan” komandaları cari mövsümdə hələ görüşməyiblər. Kubokunun oyununun meydan sahibləri turnir cədvəlində rəqibi 3 xal və 4 pillə qabaqlayır.   

Qəhrəman Əliyev- “Şəmkir”in baş məşqçisi: “6 turun hamısında qapımızdan qol buraxmışıq. Bu, bizim müdafiədə axsamağımızın olduğunu göstərir. Bunun üzərində işləyirik, müdafiə xəttinə futbolçular axtarırıq. Bir-iki oyunçu var, onlarla danışığa da başlamışıq. Qışda onları transfer edəcəyik”.

“Şəmkir” Azərbaycan kuboku uğrunda yarışlarda sonuncu dəfə 2010/11-ci illər mövsümündə oynayıb və ilk mərhələdəcə uğursuzluqla üzləşib. Komanda 1/16 finalda “Rəvan”a uduzaraq mübarizəni dayandırıb.

Azad Rəfi