Bakıda yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda Gəncənin 2 saylı Uşaq Gənclər İdman Məktəbinin boksçuları da mübarizə aparıb.
Ölkə birinciliyində 250-yə yaxın dəri əlcək ustası rinqdə bacarığını ortaya qoyub. Müxtəlif şəhər və rayon idmançılarının qatıldığı yarışda 2000-2001-ci il təvəllüdlü yeniyetmlər qüvvəsini sınayıb. Gəncədən 2 saylı UGİM birinciliyə 5 nəfərlik heyətlə yollanıb ki, onlardan da 2-si mükafatçılar sırasına düşə bilib.
Bəxtiyar Tağıyev- məşqçi: "İstəyərdik ki, medal sayı daha da artıq olsun. Qarşıdakı yarışlarda çalışacağıq ki, Gəncəyə bundan çox medalla gələk və məktəbimizi daha yaxşı şəkildə təmsil edək".
İdman məktəbindən 48 kq-da vuruşan Nəbi İsgəndərov rinqdə rəqib tanımayıb və ölkə birinciliyinin qalibi adını qazanıb. 46 kq çəkidə Vaqif Məhərrəmov isə bürünc medala yiyələnib.
Vaqif Məhərrəmov- bürünc mükafatçı: "Azərbaycan birinciliyinə çempion olmaq məqsədilə getmişdik. Mən yarışda 5 döyüş keçirdim. Bu görüşlərdən 4-də qalib gəldim. 5-ci döyüşümün 3-cü raundunda xəbərdarlıq alaraq məğlub oldum və 3-cü yerə layiq görüldüm".
Azərbaycan birinciliyində ilk 3 yer tutan boksçular yığma komandanın heyətinə cəlb edilərək beynəlxalq yarışlara qatılacaqlar.
2 saylı UGİM-in boksçuları gələn ay Tovuzda keçiriləcək zona birinciliyində iştirak edəcək. 2002-2003-cü il təvəllüdlü yeniyetmələrin yarışına komanda 12 nəfərlik heyətlə yollanacaq.
Orxan Cəfərzadə
- Baxış: 699