Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. İrəli sürülüb, icra olunan layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib. Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bildirib ki, 2021-ci ildə Avropaya qaz ixracı 8 milyard kubmetrdən çox olubsa, bu il bu rəqəm təxminən 12 milyard kubmetrə çatacaq. Dövlət başçısı ölkənin enerji sahəsində gələcək planları barədə də məlumat verib.
İlham Əliyev- Azərbaycan Prezidenti: “Gələcək planlarımız təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır və əsas bizim hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”.
Dövlət başçısı çıxışında COP29-la bağlı Azərbaycanın namizədliyindən də danışıb. Şərqi Avropa Qrupuna daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsini dostluq nümunəsi adlandırıb. Serbiya, Bolqarıstan, eyni zamanda Şərqi Avropa Qrupuna daxil olan digər ölkələrin Azərbaycanın namizədliyini dəstəkləyərək tədbirin Bakıda keçirilməsinə tərəf olmalarını yüksək qiymətləndirib.
İlham Əliyev- Azərbaycan Prezidenti: “Biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər. Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”.
Bolqarıstanın Prezidenti Rumen Radev Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Cənubi-Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynadığının qeyd edib. Bildirib ki, bu gün Avropanın enerji xəritəsinin dəyişməsi fonunda Serbiya – Bolqarıstan interkonnektoru ümumi maraqların layihəsidir. Sonda prezidentlər və Aİ-nin daimi nümayəndəliyinin rəhbəri Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunu işə salıblar.
Azad Mustafayev
- Baxış: 181