• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 07.12.2023 19:55

Zəlzələ zamanı necə davranmalı olduğumuzu bilirikmi?

KepezTV Player

Zəlzələ- yeraltı süxur qatlarında baş verən yerdəyişmə nəticəsində yer səthində hiss olunan seysmik təkanlardır. Azərbaycan tektonik proseslərin intensiv getdiyi Alp-Himalay cavandağəmələgəlmə qurşağında yerləşdiyindən, zəlzələnin baş verməsi xarakterik hal sayılır.

Nemət Hacıyev- ekspert: “Ümumiyyətlə nəzərinizə çatdırım ki, Azərbaycan respublikasının bütün ərazisini seysmatik zona baxımından xarakterizə etsək, ölkəmizin 25 faizdən çox ərazisində güclü zəlzələlərin olması ehtimalı var. Gəncə də Kiçik Qafqaz dağ silsiləsində yerləşdiyinə görə, bu ərazilərdə də bu tip zəlzələlərin baş vermə ehtimalı qüvvədədir və hər bir halda belə təbii hadisələri gözləmək lazımdır. Əhalinin nəzərinə çatdırmaq istərdim ki, dövlətimizin apardığı siyasət nəticəsində insanların həyat və yaşayışının qorunması istiqamətində görülən tədbirlər daha güclü zəlzələlərə qarşı da yaşayış binalarımızın və insanların evlərinin dayanıqlı qalmasını şərtləndirir. Bu məsələlərdə əhalinin ciddi narahatlıq keçirməsi üçün əsas yoxdur”.

Zəlzələ əvvəlcədən proqnozlaşdırılmayan təbii hadisə olduğuna görə, insanlar bundan necə qorunmalıdır sualı maraq doğurur. Burada əsas diqqət vətəndaşları bilgiləndirməyə yönəldilməlidir. Bəs şəhər sakinləri zəlzələ zamanı nə etməli olduqlarını bilirlərmi?

Mütəxəssislər deyir ki, zəlzələ zamanı ilk öncə evi və ya binanı təhlükəsiz şəkildə tərk etmək lazımdır, əgər bu mümkün olmursa, panikaya düşmək olmaz. Zəlzələ zamanı adətən ilk sınan və dağılan yerlər şüşə və pəncərələr olduğundan bu yerlərdən uzaq durmaq lazımdır. Hündürmərtəbəli binlarda yaşayanlar isə liftdən qətiyyən istifadə etməməlidir. 

Rahilə Həsənova- mütəxəssis: “İlk öncə əgər zəlzələnin əlaməti məlumdursa, silkələnmə varsa, biz açıqlığa doğru getməliyik - cəld və təmkinli. Cəld ona görə ki, biz açıqlığa çata bilək. Təmkinli ona görə ki, panika yaratmamaq lazımdır. Bir də ola bilər ki, biz hündür binadayıq. Zəlzələnin balından asılı olaraq, təkanından asılı olaraq artıq bina tərpənirsə, biz betonların altında deyil, künc tərəfdə dayanmalıyıq. Ani təkan dayanan kimi, mütləq həmin insanlar həmin ərazini tərk eləməlidirlər”.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurum əhali arasında təbii və texnogen mənşəli hadisələr zamanı davranış qaydaları mövzusunda daim maarifləndirmə işləri aparır. Bu işlər həm də zəlzələ zamanı davranış qaydalarını əhatə edir. Məktəblərdə, unversitetlərdə, müəssisələrdə məlumatlandırma ilə yanaşı təlimlər də keçirilir.

Aişə Rzayeva