• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 26.01.2016 15:38

Qarlı şaxtalı hava yollarda qəzalara səbəb olub, yaralılar var

Bakı, Gəncə, Şirvan və Şabranda ağır yol qəzaları baş verib. Qəzalar tək sürücü deyil, sərnişin və piyadaları da xəstəxanalıq edib.

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yol qəzası baş verib. Naməlum avtomobil yolu keçən piyada Ülviyyə Atamoğlanovanı vurub.  Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Gəncədə də piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.  Hadisə  şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 29 yaşlı Könül Rüstəmovanı vurub. Xəsarət alan qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Şirvanda isə iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.  Qəza şəhərin Heydər Əliyev prospektində baş verib.  Şirvan sakini, 38 yaşlı  Rəşad Həsənovun idarə etdiyi “Opel Astra” markalı avtomobil 30 yaşlı  Marif Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Opel”də sıxılıb qalan sürücü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. 

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində də yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobilinin qarşıda hərəkət edən “Mercedes” markalı minik avtomobilinə çırpılması nəticəsində bir nəfər xəsarət alıb. “Mercedes”in sərnişini 43 yaşlı qadın xəsarət alaraq Şabran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya hava şəraitinə uyğun sürət həddinin seçilməməsinin səbəb olduğu ehtimal edilir.

Faktlarla bağlı araşdırmalar davam edir.

İlham Məmmədzadə