• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 26.01.2016 14:13

Gəncədə hansı müəllimlərin əmək haqqı neçə faiz artırılıb?

Gəncədə bilik və bacarıqları diaqnostik qiymətləndirilən müəllimlər yanvar ayından etibarən əməkhaqlarını artımla alacaqlar. Diaqnostik qiymətləndirmədən keçən pedaqoqlarla yanaşı, məktəb direktorları və müavinlərinin də maaşları artırılıb. Ətraflı qarşıdakı materialda...

Gəncədə müəllimlərin diaqnostik qiymətləndirilməsindən 14 fənn üzrə imtahanlarda iştirak edən 3653 pedaqoqdan 3570-i keçib. 31 nəfər metodikadan, 9 nəfər isə ixtisas üzrə təyin olunan keçid balını toplaya bilməyib. İmtahan qaydalarını pozduğu üçün 13 müəllimin nəticələri hesablanmayıb. Bilik və bacarıq səviyyəsi müəyyənləşdirilərək həftəlik dərs yükü norması optimallaşdırılan müəllimlərin isə aylıq vəzifə maaşları yanvarın 1-dən orta hesabla 30 faiz artırılıb.

İqbal Kərimov- Gəncə şəhər Təhsil İdarəsinin kadrlar üzrə məsləhətçisi: “Gəncə şəhərində yaş həddi və dərəcələrə ayırdıqda, şəhərin orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən pedaqoji heyətin ümumi 70 faizi 360-380 manat arası əmək haqqı alacaqlar”.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq yanvarın 1-dən Gəncədəki 49 məktəbin direktorları və müavinlərinin də maaşları yeni meyarlarla hesablanıb.

İqbal Kərimov- Gəncə şəhər Təhsil İdarəsinin kadrlar üzrə məsləhətçisi: “Əvvəllər məktəblərin rəhbər heyətləri şagird saylarına görə 181-185 manat arası müxtəlif əmək haqqı alırdılar. Hazırda sırf vəzifə maaşları - direktorların 425 manat, onların müavinlərinin isə direktorlaradan 10 faiz aşağı, yəni 380 manat hesablanıb”.

Bilik və bacarıqların diaqnostik qiymətləndirməsində üzrlü səbəbdən iştirak edə bilməyən 30 nəfərin yanvarın 23-də verdiyi imtahanın nəticələri bu həftə ərzində məktəb direktorlarına göndəriləcək. Belə bir imkan nəticələri hesablanmayan 53 pedaqoq üçün də yaradılacaq. Əlavə edək ki, fevralın 1-dən bütün orta məktəb müəllimlərinin əmək haqqı 10 faiz artımla hesablanacaq.

Elnur Vahidoğlu