• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2273
— 26.01.2016 14:02

Azərbaycan xalqı üçün xarakterik olan çillələrin mənaları

"Kiçik çillə", "böyük çillə" ifadələrini eşitmişik. Rəvayətə görə, çillələr qışın oğullarıdır. El arasında "Kiçik çillənin" "Böyük çilləyə" nisbətən daha soyuq keçdiyinə inanılır və son günlər ölkədə hökm sürən hava şəraiti bu inancın əbəs yerə formalaşmadığını deməyə əsas verir.

Dekabrın 22-də başlayan və 40 gün davam edən "Böyük çillə" artıq yekunlaşmaq üzrədir. Havanın yenidən kəskin şəkildə soyuması isə el arasında deyildiyi kimi "Kiçik çillə"nin yaxınlaşmasından xəbər verir.

Qışın “böyük və kiçik çillələr”ə bölünməsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə ayrılmır. "Kiçik və ya “Bala çillə"adından da məlum olduğu kimi, digərinə nisbətən daha az davam edir. Onun ömrü 20 gündür.

Ruziyyə Quliyeva- folklorşünas: "Çillə sözünün mənası əzab, əziyyət, çıxılmazlıq, çətin vəziyyət deməkdir. Çiləyə düşmək, çətinliyə düşmək mənasını verir. Xalq arasında qış çiləyə, əzab əziyyətə düşmək kimi mənalandırılıb".

Çillələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. "Kiçik çillənin" xarakterik cəhəti, onun "Böyük çilləyə" nisbətən daha soyuq keçməsidir.

Ruziyyə Quliyeva- folklorşünas: "Bunlar qardaşdır. Bir gün "Böyük çillə" ilə "Kiçik çillə" qarşılaşır. "Kiçik çillə" "Böyük çillə"dən soruşur ki, sən getdin, nə etdin? "Böyük çillə" cavab verir ki, mən getdim, insanlara qalın pal-paltar geyindirdim. Bəs sən gedib nə edəcəksən? "Kiçik çillə" cavab verir ki, mən gedəndə insanları təndirdən salıb, külfədən çıxardacağam. Buna "Böyük çillə"nin cavablı belə olur. Deyir, qardaş unutma ki, qabağın yazdır, ömrün azdır".

Çillələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə xalq müşahidələrinin nəticəsidir.

Gülnar Fazilqızı