Bakı, Bərdə, Ağdam, Qax və Salyanda ağır yol qəzaları olub. Ölən və yaralananlar var.
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə Yasamal rayonu ərazisində baş verib. Bakı şəhər sakini Əlibəy Abbaszadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ələddin Quliyevi vurub. Ələddin Quliyev xəstəxanaya aparılarkən yolda keçinib.
Bərdədə də piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bərdə-Tərtər yolunun 1-ci km-də qeydə alınıb. Rayon sakini Pənah Bayramov idarə etdiyi “VAZ-21103” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Başı avtomobilin ön hisəsinə çırpılan piyada aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. 55 yaşlı Pənah Bayramov qəzanı törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Lakin polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü saxlanılıb. Meyit isə müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Rayon Şöbəsinə gətirilib. İlkin ehtimala görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs içkili olub. Hələlik onun şəxsiyyəti məlum deyil.
Ağdam rayonunun Quzanlı qəsəbəsində Həsən Həsənovun idarə etdiyi “VAZ-2107” markalı maşın Eldar Soltanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobilin yoluna çıxıb və ona çırpılıb. Nəticədə hər iki maşına ciddi ziyan dəyib. Soltanovun avtomobilində olan sərnişin Bəhruz Cəfərov müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qax rayonunda isə ağaca çırpılan avtomobil yanıb, sürücü xəsarətlər alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayonunun Şəki kənd sakini 24 yaşlı İbrahim Xəlilov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən avtomobildə yanğın baş verib. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Sürücü avtomobildə tək olub və o, bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. Avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Salyanda da yol qəzası baş verib. Hadisə Salyan şəhərinin Nizami küçəsində qeydə alınıb. 29 yaşlı Sahil Səfərov idarə etdiyi "VAZ-2106" markalı avtomobili arxadan gələn "Mercedes" markalı maşın vurub. Nəticədə "Jiquli"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı travmatologiya şöbəsinə yerləşdirilib. Faktlar üzrə araşdırmalar davam etdirilir.
Vüsalə Camal
- Baxış: 778