• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 25.01.2016 15:39

Gədəbəy və Göygöldə yolların buz tutmaması üçün tədbirlər görülür

Bu gecə dağlıq rayon olan Gədəbəyə yağan qar səbəbindən kəndlərin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, hazırda dağlıq ərazilərdə qalın qalınlığı 35-40, nisbətən aşağı yerlərdə isə 15-20 sm-ə çatır. Yolları qardan təmizləmək üçün 33 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi səfərbər edilib. Nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün ağır texnikalar vasitəsilə yollar qardan təmizlənir. İdarə tərəfindən kifayət qədər həcmdə -  30 ton duz, 550 kubmetr qum ehtiyatı toplanıb və hazırda qum-duz qarışı yollara səpilir. Eyni hal digər dağ rayonu Daşkəsəndə də müşahidə olunur.

Dünəndən başlayaraq ölkə ərazisinə qarın yağması dağlıq rayonlarda avtomobillərin  yollarda normal hərəkətinə bir sıra çətinliklər yaradıb. Bu səbəbdən Göygöl rayonunda yarana biləcək təhlükənin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilib. 41 saylı Yol İstismar İdarəsinin əməkdaşları səhər saatlarından başlayaraq Göygöl- Sarısu və Göygöl- Zurnabad Topalhəsənli kəndlərinə gedən ərazidə buzlanmanın qarşısını almaq üçün yollara duz və qum səpiblər. Görülən işlər nəticəsində rayon mərkəzi ilə dağ kəndləri arasında gediş-gəlişin intensivliyi təmin edilib. İdarədən bildirilib ki, ambarlarda yetəri qədər duz, qum ehtiyatı saxlanılır. Təhlükəsizlik tədbirləri gecə saatlarında da davam etdiriləcək.

Etibar Kərimov- 41 saylı Yol İstismar İdarəsinin sahə rəisi: “Bütün kənd yolları, xüsusən də ucqar dağ kəndlərinin yolları təmizlənib və duz səpilib. Gediş-gəlişdə heç bir problem yaşanmır. Hazırda da avtomobillərin yollarda  intensiv hərəkətində heç bir məhdudiyyət yoxdur”.

Elton Cabbarlı

Natiq Hüseyn