• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 25.01.2016 11:15

62 yaşlı kişi qədim musiqi alətimiz olan qara zurnada yenilik edib

Ağstafa sakini olan Lətif Ənsərov 7 barmaqla ifa olan alətə əlavə 8-ci oyuq artırıb. Kəpəz TV (Region TV) xəbər verir ki, ustanın bu yeniliyi milli musiqi alətimizdə müasir mahnıların ifasını daha da asanlaşdıracaq.

Qərb bölgəsində zurnanın öz mahir ifaçıları və ustaları var. Ağstafa rayonunun Böyük-Kəsik kəndində yaşayan 62 yaşlı Lətif Ənsərov 18 yaşından bu sənətlə məşğul olub. Zurnada ifa etməyi isə atasından öyrənib. Daha sonra başqa bir ustadan da dərs alaraq bacarığını bir qədər də artırıb, nəfəs alətini düzəltmək və təmir etmək bacarığına yiyələnib. Lətif ustanın zurnada etdiyi yenilik musiqisevərlərin marağına səbəb olub.

Lətif Ənsərov – zurnaçı: “Bəzi havalar vardır ki, onları çatdırmaq olmurdu. Ona görə də yenilik etdim, 8-ci oyuğu açdım. Belə daha rahat olur çalmaq. 2-3 günə hazırlayıram bir zurnanı. Əsas ərik ağacının kötüyündən istifadə edilir”.

Ərikdən hazırlanan zurna illər keçdikdə rəngini dəyişdiyindən ona “qara zurna” deyilir. Lətif usta zurnaçı kimi nəinki öz kəndlərində, hətta Gürcüstanda da tanınır. Ancaq o, bu sahəyə marağın az olmasından şikayət edir.

Lətif Ənsərov –zurnaçı: “Məndən soruşanda şagirdin varmı, utanıram yox deməyə. Niyə olmasın? Amma istəyən yoxdu, olsa, vallah gedib özüm evində dərs keçərəm. Məndə elə köhnə havalar var ki, ustamdan öyrənmişəm və bircə mən saxlamışam o havaları. Öləndən sonra necə olacaq?”

Ustanın ailə üzvlərindən zurnaçı kimi davamçısı olmasa da, digər musiqi alətində ifa etməyi öyrənən var. Nağaraçı olan oğlu onu şənliklərdə müşahidə edir.

Rahim İbrahimoğlu